Elmar Məmmədyarov Polşanın xarici işlər naziri ilə görüşüb
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Yaçek Çaputoviçlə görüşüb. ONA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırdı. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkünü bildirib.   Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastuktur layihələri haqqında məlumat verərək, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir həmçinin Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışaraq, Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Yaçek Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq, ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb. Nazirlər iki ölkə arasında qarşılıqlı səfər mübadiləsi, ticarət dövriyyəsinin artırılması və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri müzakirə ediblər. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Daha sonra nazirlər birgə mətbuat konfransı keçirib.