İstanbul bələdiyyəsinin sədri mandatı Əkrəm İmamoğluna təqdim edilib
Türkiyənin Ali Seçki Qurumu (YSK) bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmiş Əkrəm İmamoğluna mandatı təqdim edib. ONA-nın xəbərinə görə, bu gün Ə. İmamoğlu YSK-nın İstanbul Seçki Dairəsinə çağırılıb. Bələdiyyə sədri mandatı orada Ə. İmamoğluna təqdim olunub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul vilayəti üzrə seçki protokolları ilə bağlı etirazı isə qəbul edilməyib.   *** 17.46 Türkiyənin Ali Seçki Qurumu (YSK) bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmiş Əkrəm İmamoğlunun mandatını təqdim etmək üçün dəvət edib. ONA-nın xəbərinə görə, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilib ki, İmamoğlu bu gün mandatı almaq üçün YSK-ya dəvət olunub. Hazırda İmamoğlu CHP təmsilçiləri ilə birlikdə YSK-ya gedir. Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb. Bir neçə gün əvvəl AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Ötən gün isə AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub