Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır
Legion xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1 yarışına bileti olan şəxslər həmin əraziyə daxil ola biləcəklər. Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı Bakı bulvarında əyləncə proqramlarına başlanacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq". Qeyd edək ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır. 2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat. Azərbaycana Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.