Sergey Şoyqu: "Dondurulmuş münaqişələr aktivləşdirilir"
"Münaqişə potensialı dünyanın bir çox regionlarında artmaqdadır". "Report" xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində deyib. "İndi əsas tendensiya dünyanın müxtəlif regionlarında münaqişə potensialının artmasıdır. Dondurulmuş münaqişələr aktivləşdirilir. Yeni potensial silahlı qarşıdurma ocaqları yaranır, onların əksəriyyəti xaricdən qızışdırılır", - Rusiya Müdafiə naziri bildirib. S.Şoygu həmçinin Yaxın Şərqdə münaqişələrin davam etdiyini söyləyib. "Yəməndə döyüşlər davam edir. Liviyadakı münaqişə yeni mərhələyə qədəm qoyur. Suriya və İraqda gərginlik qalmaqdadır. Afrikada terror qruplaşmalarının aktivliyi artır", - nazir vurğulayıb. Xatırladaq ki, Moskvada 8-ci Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir. Tədbirdə dünyanın 111 ölkəsindən olan mindən çox nümayəndə iştirak edir. Konfransda qlobal və regional təhlükəsizlik məsələləri, eləcə də Venesuela, Suriya və Liviyadakı vəziyyət müzakirə edilir. "Legion"