Formula 1 tamaşaçılarını nələr gözləyir?
Bu həftəsonu baş tutacaq FORMULA 1 SOCAR AZƏRBAYCAN QRAN PRİSİ 2019 yarışı çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Modern.az xəbər verir ki, bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində - isə bu zona saat 10:00-dan 19:00-dək fəaliyyətdə olacaq. Formula 1 yarış proqramı Sərbəst yürüşlərə aprelin 26-da start veriləcək. Birinci sərbəst yürüş saat 13:00-dan 14:30-dək, ikinci sərbəst yürüş 17:00-dan 18:30-dək, üçüncü sərbəst yürüş isə aprelin 27-i saat 14:00-dan 15:00-dək davam edəcək. Sıralanma turu aprelin 27-i, saat 17:00 ilə 18:00 arasında baş tutacaq. Yarışa isə bazar günü – aprelin 28-i, saat 16:10-da start veriləcək. Formula 2 yarışları Formula 1 təqvimində yer alan ölkələrin böyük qismində bu çempionata paralel olaraq Formula 2 yarışları da keçirilir. Bir qayda olaraq həmin ölkələrdə Formula 1 yarış həftəsonu ərzində Formula 2 üzrə iki yarış baş tutur. Bakıda keçiriləcək birinci yarış aprelin 27-i, saat 12:00-dan 13:05-dək davam edəcək. İkinci yarış isə aprelin 28-i, saat 13:10-da başlayacaq və saat 14:00-də qurtaracaq. Axşam konsertləri Hər il olduğu kimi bu il də Azərbaycan Qran Prisinin yarış həftəsonun axşam saatlarında dünya ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramları keçiriləcək. Aprelin 27-də Bakı Kristal Zalında baş tutacaq açılış konsertində səhnəyə britaniyalı ulduz Cessi Cey çıxacaq. Aprelin 28-də isə amerikalı superstar Kardi B bağlanış konserti ilə çıxış edəcək. “Bakı Şəhərinin Sədaları” Formula 1 yarışı çərçivəsində ənənəvi olaraq keçirilən gecə əyləncə proqramları bu il ilk dəfə olaraq “Bakı Şəhərinin Sədaları” adı altında baş tutacaq. Elektra Events Hall-da olacaq bu proqramlarda dünyaca məşhur DJ-lər çıxış edəcəklər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, 27-də Robin Şulz və 28-də “Lost Frequencies” çıxacaq. Gecə keçirilən bu əyləncə proqramlarında iştirak etmək istəyən hər kəs (Formula 1 bilet sahibləri də daxil olmaqla) bilet almalıdır. Biletləri şəhərin müvafiq kassalarında günlük 55 manatdan əldə edə bilərsiniz.

Avtoqraf və sual-cavab sessiyaları F1 Azarkeş Zonasında yerləşən səhnədə yarış həftəsonu hər gün saat 11:00 ilə 13:00 arasında müxtəlif vaxtlarda Formula 1 pilotlarının iştirakı ilə avtoqraf sessiyaları baş tutacaq. Aprelin 26-da keçiriləcək avtoqraf sessiyalarında Red Bull, Ferrari və Renault, 27-də Racing Point, Alfa Romeo və Mercedes, 28-də isə Williams, McLaren, Haas və Toro Rosso komandalarının pilotları iştirak edəcəklər. Yenə bu məkanda yarış həftəsonu ərzində fərqli zamanlarda Formula 1-də yeni olan pilotlar azarkeşlərin görüşünə gələcək və onları maraqlandıran sualları cavablandıracaqlar. F1 Fanat Zonası /Zona 1 F1 həvəskarları və ailə üzvləri üçün müxtəlif əyləncə vasitələrinin olduğu ən maraqlı zonadır. Burada Asılan Maşınlar (Hanging Cars) və Xatirə Divarı (Memory Board) yaddaşınızda silinməz izlər buraxacaq.   F1 Pit-stop Yarışı (Pit Stop Challenge), F1 Reaktiv Yarışı (F1 Reaction Challenge)  və Oyun Zonasında (E-Sports Game Zone) F1 həyəcanını yaşayacaq, İstirahət guşəsində (Chill out) isə dincələ biləcəksiniz. Azyaşlılar üçün nəzərdə tutulmuş Pit-stop (Kids Pit Stop) isə rəsm sessiyaları üçün kiçik fanatları gözləyəcək.   Replika Podiumda (Replica Podium) özünüzü F1 qalibi kimi hiss edəcəksiniz. Bütün bunlarla yanaşı, Əyləncə Zonasının İnfiniti Otağına (Infinity Room) daxil olaraq, Dəbilqə Boyama (Helmet Art painting) ilə özünüzü ifadə edə biləcəksiniz.   Milli adət-ənənə, mədəniyyət və qonaqpərvərliyin şahidi olmaq üçün Azərbaycan Mədəniyyəti Guşəsinə (Azerbaijan Cultural Lounge) baş çəkə bilərsiniz. F1 həvəskarlarının böyük səbirsizliklə gözlədikləri an isə Avtoqraf sessiyalarıdır. Bu sessiyalar zamanı F1 qəhrəmanları ilə üz-üzə görüşmək, avtoqraf almaq və foto çəkdirmək şansınız olacaq.    Əyləncə Yarmarkası/ Zona 2   Bütün tamaşaçıların həyəcanverici, yaddaqalan anlar yaşaması üçün nəzərdə tutulub. İstirahət guşəsində dincələcək, ətrafda gəzişən rəqqasların və sənətçilərin çıxışlarından zövq alacaq, həyəcanverici və sehrli, küçə teatrı formatında hazırlanacaq Səyyar Əyləncə Yarmarkasında unudulmaz anlar yaşayacaqsınız! Bu zonada sizi müxtəlif oyunlar, falçı, kuklavodlar, sehrbazlar və daha nələr-nələr gözləyir!   Qırmızı Zona / Zona 3    Kukla Teatrından başlayaraq Azneft dairəsinə qədər uzanan bu zona müxtəlif yaş qrupları üçün rəngarəng əyləncə tədbirlərinin keçirildiyi yerdir. Bunlardan biri övladlarınızın Formula 1 ab-havasını hiss etmələri üçün nəzərdə tutulmuş Uşaq Sürücülük Məktəbidir (Children’s Driving School). Bu zonanın digər hissələrində yeni insanlarla tanış ola, istirahət və Azərbaycan mədəniyyəti guşələrində yorğunluğunuzu ata, xatirə lövhəsi və maket podiumdan istifadə edərək foto çəkdirə biləcəksiniz. Bundan əlavə, bilet sahibləri Oyun Zonasında sürətə qarşı yarışmaq fürsəti də əldə edəcəklər