Faraş məhsullar bazarda ucuzluq yaratdı - Soğan 60 qəpik, kartof 1 manat oldu...
Mart ayının sonundan etibarən bahalaşan kənd təsərrüfatı məhsulları nisbətən ucuzlaşmağa başlayıb. Səbəb isə təzə məhsulun bazara çıxmasıdır. Son dövrlər kəskin bahalaşması ilə gündəmə gələn kartof və soğanın qiymətində ucuzlaşma müşahidə edilir. Musavat.com-un müxbiri paytaxtın “8-ci kilometr” bazarına baş çəkərək qiymətləri və alıcılığı öyrənəyə çalışıb.

Belə ki, köhnə kartof 1.40 manata idisə, təzə kartof 1 manatdan təklif olunur. Həmçinin alıcılar 1.30 manata köhnə soğan almaq əvəzinə, 60 qəpiyə təzə soğan almağa üstünlük verirlər. Təzə məhsulun ikiqat ucuzluq yaratması alıcıların da ürəyindəndir.

Həmsöhbət olduğumuz alıcılar artıq köhnə məhsul almaqdan imtina etdiklərini bildirdilər: “Köhnə kartof və soğan demək olar ki, keyfiyyətini itirib, cücərib, xarab olub. Buna baxmayaraq həm də baha satılır. Ona pul sərf etməkdənsə, təzə və daha ucuz olan məhsulu alarıq. Aprel ayında kartof və soğan bu qiymətə satılırsa, may, iyun aylarında daha çox ucuzlaşma olacağına ümid edirik”.

Satıcılar da əllərində olan köhnə məhsulu artıq xarab olduğunu və alıcılıq qabiliyyətinin zəif olduğunu bildirdilər.

Digər tərəvəzlərdən pomidorun qiyməti 3.50 manata düşüb, ötən həftə bazarda 4 manatdan ucuz pomidor tapmaq mümkün deyildi. Xiyarın qiyməti 2.50-3 manat arasında dəyişir, bəzi növləri isə 4 manata satılır. Bibərin kiloqramı 4 manat, qırmızı bibər 6 manata, rəngli bolqar bibərlərini kiloqramı isə 5 manatdır. Badımcanın kiloqramı 2.50 manatdan başlaya qiymətlərlə təklif olunur. Kök hələ də ucuzlaşmayıb, 1 manatdan aşağı deyil. Ucuzlaşan məhsullardan biri də sarımsaqdır. Təzə yerli sarımsağın kiloqramı 2 manatadır. Bazara çıxarılan nübar məhsullar arasında sütül qarğıdalı da diqqət çəkir ki, onun bir ədədi 1.50 manata təklif olunur. Halbuki mövsümündə 20 qəpiyə satılır.

Ən maraqlı tendensiya isə meyvələrdə izlənilir. Belə ki, ötən həftə kiloqramı 50 manatda təklif olunan alça 20 manata qədər ucuzlaşıb. Bu isə bazara çıxarılan məhsulun həcminin artması ilə izah olunur. Həmçinin nübar meyvələrdən nektarin 18 manata, şaftalı 14 manata, ərik 8 manata təklif olunur. Bu meyvələr əsasən İran və Türkiyədən gətirilir. Çiyələk bazara məhdud həcmdə çıxarılsa da, 1 kilosunun qiyməti 5-6 manata qədər düşüb.

Bazarda yerli çiyələk hələlik yoxdur. Aprel ayında bazara çıxarılan , kiloqramı 3 manata təklif olunan qarpız da yerli məhsul deyil. Digər meyvələrin qiymətində ciddi bir dəyişiklik sezilmir. Müxtəlif alma növlərinin qiyməti 60 qəpik -2 manat arasında dəyişir. Naringi 2.50 manat, portağal 1.80 manata, banan 2.40 manat, kivi 2.80 manat, limon 4-5 ədədi 1 manata olmaqla satılır.

Dənli bitkilərdən buğdanın kiloqramı 1 manata, noxud 3.50- 4 manat arasında, qırmızı mərci 2 manata, lobyanın müxtəlif növləri 4-5 manat arasında satılır. Qərzəkli meyvələrdən qoz və fındığın kiloqramı 6 manata təklif olunur. Hazırda qəssablarda mal ətinin kiloqramı 11 manata, quzu ətinin kiloqramı isə 12.50 manatadır. Qəssabxanalardan fərqli olaraq marketlərdə qiymətlər 1-2 manat yüksəkdir. Toyuq ətinin kiloqramı 4 manatdır. Yumurtanın qiyməti isə bahalaşıb. Bir müddət öncə 6 qəpiyə düşən yumurta indi 12-13 qəpiyə təklif olunur. 

Satıcılar deyir ki, yumurtanın 6 qəpiyə olması əslində düzgün deyildi, çünki bu maya qiymətidir. Fermerlər ziyana düşürdülər, uzun müddət belə davam edə bilməzdi. Yumurtanın 12 qəpiklik qiymətinin yay ayı boyunca sabit qalacağı güman edilir. Çünki istehsal çox olduğundan, 12 qəpikdən artıq bahalaşma gözlənilmir. Qışda 35 qəpiyə qədər yüksələn orqanik kənd yumurtası hazırda 20 qəpiyə düşüb.

Məlum olduğu kimi, mövsümə uyğun olaraq bundan sonrakı dövrdə bazarlara artıq həftə-həftə daha ucuz qiymətlərin şahidi olacağıq. Mayın sonlarına qədər bəzi məhsullarda 4-5 dəfəyə yaxın ucuzlaşma olacaq. O baxımdan kənd təsərrüfatı bazarları üçün kritik dövrün geridə qaldığını deyə bilərik.
"Yeni Müsavat"