Milli Koordinator: Ötən il küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib
Ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib. ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib. Sənəddə həmçinin qeyd edilib ki, küçə həyatına məruz qalmış 75 yetkinlik yaşına çatmayan və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib.   2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib.