Əhalinin enerji istehlakında limitlər ləğv olunmalıdırmı? - TƏHLİL
Son vaxtlar sosial şəbəkədə əhalinin istehlak etdiyi qaz və elektrik enerjisi tariflərinə qoyulan, artıq 2 ildən çoxdur qüvvədə olan limitin ləğvi haqda təkliflər dolaşır. Bu məsələ niyə məhz indi müzakirə obyektinə çevrilib? Niyə bu haqda keçən ilin payızında və yaxud qışda deyil, üzü yaya doğru təkliflər səslənməyə başlayıb? Bunun il başlanandan bəri, hökumətin sosial istiqamətdə biri-birinin ardınca atdığı addımlar ilə əlaqəsi varmı? Yoxsa elektrik enerjisi və qazın dünya bazar qiymətlərində və yaxud daxili istehsalda dəyişiklik baş verib?
Tarif Şurası tərəfindən sözügedən tariflər üzrə limit haqda qərar həm qaz, həm də elektrik enerjisi üzrə 2016-cı ilin 28 noyabrında qəbul edilib. Həmin ilin dekabrın 22-də isə qərarlara düzəliş edildi. Belə ki, əvvəlki qərarda əhali üçün yönəldilən qazın və elektrik enerjisinin tarifləri üzrə qoyulan limit müvafiq olaraq, ay ərzində 1500 m3 və 250 kVts müəyyən edilmişdisə, sonradan həmin rəqəmlər 1700 m3 və 300 kVts ilə əvəz edildi. Bu da bilavasitə dövlət başçımızın müdaxiləsi nəticəsində baş verdi. 

Bəli, sözügedən qərar 2 ildən artıqdır qüvvədədir. Bundan əvvəl təbii qazın qiymətinə 3 il qabaq – 2013-cü ildə baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilmişdi ki, bu da 1 m3-ə 10 qəpik demək idi. İşığın qiymətinə isə sonuncu dəfə elə həmin ilin yayında baxılmışdı. 2016-cı il 14 iyul tarixində Tarif Şurasının növbəti iclasında “Azərişıq” ilə “Azərenerji” ASC-lərin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilməklə, 1 kVts elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq, - 2007-ci ilin yanvarından 6 qəpik təyin edilmişdi. 

Tarif Şurasının 2016-cı ilin sonunda əhalinin istehlak etdiyi təbii qazın və işığın qiymətlərinə limitlər tətbiq etməsi o dövrdə manatın dəyərinin ucuzlaşması, neftin dünya bazar qiymətlərinin həmin ərəfədə enməsi ilə əlaqədar ümumən ölkə iqtisadiyyatında və xüsusən, onun enerji sektorunda yaranan gərginliklə izah olundu. Lakin müsbət cəhət ondan ibarət idi ki, bu dəfə qiymət artımlarına diferensiallaşdırılmış şəkildə yanaşılmışdı. Bu isə, ölkəmizdə neçə illərdən bəridir, həyata keçirilən ümumi qiymət siyasətində ilk belə hal idi. Yəni, demək istədiyim budur ki, ona qədər demək olar, heç bir sahədə və istiqamətdə qiymətlərdə differensiallaşdırma tədbiq olunmamışdı. Halbuki, digər ölkələrdə belə praktika var idi. Bununla belə, ölkədə enerji daşıyıcalırı üzrə tarif siyasətində ilk dəfə olaraq differensiallaşdırma əhalinin ölkənin istehlak bazarında son qiymət artımları, inflyasiya, manatın kəskin ucuzlaşması tendensiyaları ilə əlaqədar sosial-iqtisadi vəziyyəti və real gəlirlərinin xeyli dərəcədə pisləşməsiylə əlaqələndirildi. 

Ötən müddət ərzində ölkədə vətəndaşların sosial-iqtisadi durumunda müsbət meyillər formalaşıb. Üstəlik, ölkə iqtisadiyyatında stabillik yaranıb və artım tempi də qeydə alınmağa başlayıb. Enerji daşıyıcıları istehsalında da gərgin vəziyyət aradan qalxıb. Belə ki, neftin dünya qiymətlərinin 2017-ci ildən bəridir sabit olması istehsalda əməlli canlanma yaranmasına gətirib çıxarıb. Bəli, elektrik enerjisi istehsalında da, qaz sarıdan da istehsal ilə hasilatda artım var. Bununla bağlı rəqəmlər gətirmək istəmirəm. Ancaq bütün bunlar enerji daşıyıcılarının istehlakı üzrə qiymətlərə tədbiq edilən limiti ləğv etməyə əsas verirmi? Sual edirəm: nəyə görə differensiallaşdırılmış tarif siyasətindən geri çəkilməliyik ki? Özü də bir halda ki, ölkədə bütün növ enerji daşıyıcılarının istehsalı ilə məşğul sahələr dövlət inhisarındadır. Və dövlət tərəfindən bu sahələrə hər il külli miqdarda vəsait sərf olunur. Bunu nəzərə alırıqmı? Hansı ki, bütün problemlərin kökündə də məhz bu amil dayanır. Yəni dövlət vəsait qoyur, amma bunun səmərəsini görmür. Odur ki, istər-istəməz neçə ildənsə bir qiymət artımlarına getmək zərurəti yaranır. Bu isə avtomotik olaraq, əhalidə narazılıq yaradır. 

Sual edirəm: tutaq ki, limit ləğv olundu; 2-3 ildən sonra yenidən qiymət artımlarına getmək zərurəti yaranmayacaqmı? Şübhəsiz ki, yaranacaq... Çünki bütövlükdə enerji sektorunda dövlətin gördüyü bütün işlərə və investisiyalara rəğmən, çatışmayan cəhətlər çoxdur və böyük israfçılıq mövcuddur. Çox geriyə getmirəm: keçən ilin yayında "Azəenerji"nin əvvəlki rəhbərliyinin uzunmüddətli yarıtmaz fəaliyyəti nəticəsində demək olar, ölkənin bütün ərazisinin saatlarla işıqsız qaldığı faktını xatırlamaq kifayətdir. Bir neçə aydır ki, dövlət daha belə bir hadisənin baş verməməsi üçün "Azərbaycan" İES-də reabilitasiya və yenidənqurma işləri aparır. Təbii ki, yenə vəsait xərclənir. Ümumiyyətlə, dünən və bu gün də Azərbaycanda enerji sahəsində 50%-dək qənaətə nail olmaq mümkündür ki, bunun da çox hissəsini istehsal xərclərini azaltmaqla əldə etmək olar. 

Ancaq bizdə məsələyə əksər vaxt başqa cür yanaşılır. Belə ki, “istehsalda səmərəliliyə nail olmaq” dedikdə, dərhal tariflərə diqqət çəkilir və artırılır. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq gərəkdir. Hələ yaxşı ki, bizdə enerjidaşıyıcıların qiymətləri dövlət tərəfindən tənzimlənir. Yoxsa, qiymətlər hər rüb artardı. Bunlar tədricən, həllini tapmalıdır. Differensiallaşdırılmış tarif siyasətindən əl çəkmək olmaz. Əksinə, bunu dərinləşdirmək və daha geniş əhatə üzrə tədbiq etmək lazımdır. Bu, enerji sektorunda səmərəliliyə nail olmaq üçün ən tələb olunan amillərdən biridir. 

Ölkəmizin elektrik enerjisi istehsalı və qaz hasilatı, ixracı sahəsində böyük potensialı vardır. Cənub Qaz Dəhlizi üzrə ötən ilin mayında keçirilən beynəlxalq açılış mərasimindən sonra iyunda işə salınan və birinci faza çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin ardınca ikinci faza da son mərhələyə daxil olub. Belə ki, Cənub Qaz Dəhlizinin son həlqəsi olan Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan TAP-ın tikintisinin tamamlanması, qaz axını üçün hazır vəziyyətə gətirilməsi də gözlənilir ki, bununla da Avropaya Azərbaycan qazının tədarükü işinə 2020-ci ilin ikinci yarısından etibarən başlamaq mümkün olacaq. Sözün qısası, TAP kəmərinin tikintisində də heç bir ləngimə yoxdur və 1 iyul 2019-cu il tarixdə bu kəmər də Avropaya nəql üçün tam hazır vəziyyətdə olacaq. 

Ancaq bütün bunlar heç bir halda daxili satışda differensiallaşdırılmış qiymət siyasətindən imtina etməyə əsas vermir. Eyni ilə də elektrik enerjisində... Odur ki, söhbət, yalnız limitin qaldırılmasından gedə bilər. Bəli, buna şərait və zəmin var və Tarif Şurası müvafiq qərar qəbul etsə pis olmaz. Differensialaşdırılmış və yaxud limit tarif siyasəti isə enerji sektorunda davamlı inkişafa nail olmaq və düzgün tənzimləməni həyata keçirtmək üçün həyata keçirilən işlərin özəyini təşkil etməlidir. 
Azvision.az