"4:0 daha gözəl olardı" - Messi
"Matçın son dəqiqəsində daha bir qol epizodumuz oldu. 4:0 hesablı qalibiyyət daha gözəl olardı. Amma indiki də yaxşı nəticədir. Hələ növbəti mərhələyə yüksəlmədiyimizin fərqindəyik. Daha çətin cavab qarşılaşması bizi gözləyir. Qələbə qazandığımız üçün xoşbəxtik". Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib. Sözügedən matçda dubla imza atan argentinalı hücumçu bildirib ki, "Liverpul"un qol vurmamağı önəmli idi: "İkinci hissədə nəticəni dəyişdirə biləcək şansları oldu, amma fərqlənə bilmədilər". O, vurduğu ikinci qol haqda da danışıb: "Zərbə effektli oldu. Qol vura biləcəyimə ümid edirdim. Top qapıya getdiyi üçün şanslı idim". Messinin sözlərinə görə, hazırda bu mövsümün həlledici anındadırlar: "Biz hamımız daha çox birləşməliyik. Hazırda kimisə tənqid etmək zamanı deyil. Biz-birimizə dəstək olmalı və finala birlikdə çıxmalıyıq".