Quaydo ABŞ-ın hərbi müdaxiləsinə “xeyir-dua” verə bilər
Venesuelanın müxalifət lideri Xuan Quaydo ABŞ-ı ölkəsinə hərbi müdaxilə etməyə çağırmağı nəzərdən keçirdiyini bildirib. BBC-nin jurnalisti Nik Brayanta verdiyi açıqlamada, Quaydo prezident Nikolas Maduronun devrilməsi üçün bütün variantları tərəziyə qoyacağını vurğulayıb. Jurnalist ABŞ-ın Venesuelaya hərbi müdaxilə etməsi üçün Trampa müraciət edib-etməyəcəyini öyrənməyə çalışıb: “Mənə elə gəlir prezident Trampın mövqeyi bu məsələdə qətidir, həm biz, həm də bütün dünya ictimaiyyəti bunu yüksək qiymətləndirir. Milli assambleyanın sədri olaraq, bütün variantları nəzərdən keçirəcəyəm”, - deyə Quaydo bildirib. Quaydo yanvar ayında özünü Venesuelanın müvəqqəti lideri elan edib. Bunun üçün müxalifətin nəzarətində olan Milli Asambleyanın sədri olaraq, Maduronun ötən il qeyri-legitim şəkildə prezident seçilməsini əsas gətirərək, konstitusiyanın müvafiq maddəsindən istifadə edib. Rusiya və Çin kimi güclü dövlətlərin dəstəklədiyi Maduro isə hakimiyyətdən getməkdən imtina edib. Quaydonu Venesuela lideri olaraq 50-dən çox dövlət, o cümlədən, ABŞ, Böyük Britaniya və əksər Latın amerikası ölkələri tanıyır.