Binəli Yıldırım yenə İstanbul üçün namizəd oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək bələdiyyə seçkiləri üçün Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədini açıqlayıb. “Hürriyet” xəbər verir ki, jurnalistlərə açıqlamasında Türkiyə lideri Böyükşəhər Bələdiyyə sədri sekçilərinə namizədin yenidən Binəli Yıldırım olacağını deyib. “İstanbuldakı seçkinin namizədləri bəllidir. Bizim namizədimiz isə Binəli Yıldırımdır”. Qeyd edək ki, Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında seçki nəticələrinin ləğv edilməsi ilə bağlı danışarkən deyib ki, səslər arasındakı fərq yarıyadək azalmış olsaydı, məsələ buralara qədər gəlməzdi. Mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyası bu ilin martın 31-də İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv edib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Receb Özel İstanbulda seçkilərin təkrarlanacağını bildirib. Məlumata görə, YSK bu qərarı yeddi lehinə, dörd əleyhinə olmaqla qəbul edib. Xatırladaq ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək. ​