Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Acarlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.