Azərbaycanda 400-ə yaxın II Dünya müharibəsi veteranı var
Hazırda Azərbaycanda 400 nəfərə yaxın İkinci Dünya müharibəsi iştirakçısı var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org-a bildiriblər ki, nazirlik tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs minik avtomobili ilə təmin olunub. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə İkinci Dünya müharibəsi əlillərinə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir. Ötən dövrdə bu təqaüdlərin məbləği mütəmadi olaraq artırılıb. Bu il aprelin 15-də Prezidentin fərmanına əsasən, aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər fərmanla aylıq təqaüd (50 manat) təsis edilib. Prezidentin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Cari ilin 1 aprel tarixinə ölkədə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və başqalarına birdəfəlik maddi yardım verilir. 23 aprel 2019-cu il tarixli sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.