Ten Haq: "Bu uğursuzluğu unutmaq üçün vaxta ehtiyac var"
“Biz futbolun sərt üzünü gördük. Amma irəli doğru getməliyik”. ONA-nın məlumatına görə, bunu Hollandiyanın “Ayaks” klubunun baş məşqçisi Erik Ten Haq deyib. Mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin “Tottenhem”lə evdəki cavab oyunu (2:3) barədə fikirlərini açıqlayıb: “Qələbəyə çox yaxın idik. Futbolçular da bunu başa düşür. Bu uğursuzluğu unutmaq üçün vaxta ehtiyac var. Qələbəyə yaxın və layiq idik. Lakin laqeydlik göstərdik. Futbolçulara sakit tərzdə izah etdim ki, hələ heç nə bitməyib. Hiss olunurdu ki, “Tottenhem” təslim olmayıb və öz uğuruna inanır. Onlar hansısa anda daha çox imkan yaratmağa başladılar, biz isə əks-hücumlarda zəif təsir bağışladıq. Əgər topun dirəyə dəydiyi epizodda qol vursaydıq, hər şey başqa cür olacaqdı”. Qeyd edək ki, ilk görüşdə 1:0 hesabı ilə qalib gələn, lakin cavab oyununda üstünlüyünü qoruya bilməyən "Ayaks" Çempionlar Liqası ilə vidalaşıb.