“Instagram”da yarım milyonluq dələduzluq edən qadının məhkəməsi başlayıb
Xətai Rayon Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Fəxrəndə Səfərovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 16-nə təyin edilib.

Qeyd edək ki, Neftçala rayon sakini F.Səfərovanı polis əməkdaşları çoxsaylı şikayət əsasında saxlayıblar.

İttihama görə, o, sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. F.Səfərova “Instagram” sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün “İnşaatçılar” metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq özünə şərik axtardığını bildirib.

O, 31 nəfərə 480 min manatdan çox ziyan vurub.