ABŞ Şimali Koreyanın yük gəmisini ələ keçirib
Vaşinqtonla Pxenyan arasında yenidən soyuq yellərin əsməsi fonunda, ABŞ KXDR-ə aid yük gəmisini müsadirə edib. İddiaya görə, daş kömürün daşınması məqsədilə istifadə olunan gəmi beynəlxalq sanksiyaların şərtlərini pozub. BBC bu barədə ABŞ-ın ədliyyə nazirliyinə istinadən məlumat yayıb. Bu ABŞ-ın beynəlxalq sanksiyaları pozduğuna görə Şimali Koreyaya aid gəmini müsadirə etməsi ilə bağlı ilk belə haldır. “Wise Honest” adlı gəmiyə ötən il İndoneziyada həbs qoyulub, ancaq ABŞ-ın müsadirə orderi əsasında hazırda gəmi Birləşmiş Ştatlara göndərilib. “Bizim idarə, Şimali Koreyanın gəminin mənşəyini gizlətməklə xarici alıcılara tonlarla daş kömür satmaq məqsədilə hazırladığı sxemin üstünü açıb”, - deyə amerikalı prokuror Cefri S.Berma bildirib. Onun sözlərinə görə, bu sxem təkcə Şimali Koreyanın sanskiyalardan yayınmasına imkan verməyib, eyni zamanda gəminin göyərtəsində KXDR-ə ağır maşınqayırma vasitələri gətirilib.  Prokuror iddia edir ki, bu Pxenyanın sanksiyalardan yayınmasını davam etdirməsinə və öz imkanlarını genişləndirməsinə şərait yaradıb.