Fransa DİN: Ölkəmizdə sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayı başağrısına çevrilib
“Fransada ən çox Gürcüstan vətəndaşları sığınacaq axtarır və bu insanların sayı həm hökumətimiz, həm də xalqımız üçün başağrısına çevrilib". ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Fransanın daxili işlər naziri Kristof Kastaner gürcü həmkarı Giorgi Qaxaria ilə keçirdiyi birgə  mətbuat konfransında belə deyib. O bildirib ki, Gürcüstanda müharibə yoxdur və təhlükəsiz ölkə sayılır. Bununla belə insanlar müxtəlif bəhanələrlə Fransadan sığınacaq istəyirlər. “Bəziləri müxtəlif xəstəliklərlə bağlı müalicə almaq məqsədi ilə Fransaya gəlirlər. Halbuki, həmin xəstəliyin müalicəsi onların öz ölkələrində də var. Əlbəttə bu insani bir məsələdir, insanlar öz ölkələrini müxtəlif səbəblərlə tərk edirlər. Amma Fransa bütün bu insanlara sığınacaq vermək imkanına sahib deyil”, – deyə fransalı nazir bildirib. O, Fransa hökumətinin qeyri-qanuni yollarla sığınacaq axtarışında olanları deportasiya edəcəyini deyib.