ABŞ əlavə 300 milyard dollarlıq Çin mallarının da idxal tariflərini yüksəltmək istəyir
ABŞ Çindən gətirilən əlavə 300 milyard dollar dəyərində mallara tətbiq olunan idxal rüsumlarını qaldırmaq üçün hazırlığa başlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Xatırladaq ki, iki ölkə arasında ticarət məsələləri ilə əlaqədar intensiv danışıqların davam etdiyi vaxtda Birləşmiş Ştatlar mayın 10-dan etibarən 200 milyard dollarlıq Çin mallarına tətbiq olunan idxal vergisini 10 faizdən 25 faizə qaldırıb. Bu, Çinin etirazına səbəb olub. Rəsmi Pekin müvafiq cavab addımlarının atılacağını bəyan edib. Mayın 10-da Vaşinqtonda paralel olaraq ABŞ-Çin ticarət danışıqlarının 11-ci mərhələsi keçirilib. Danışıqlarda Çin nümayəndə heyətinə başçılıq edən Dövlət Şurası sədrinin müavini Liu Xı nəticələri jurnalistlərə şərh edərkən deyib ki, rəsmi Pekin tariflərin yüksəldilməsinə qəti qarşıdır. "Tariflərin yüksəldilməsi ticarət məsələlərinin həllinə kömək etməməklə yanaşı, hər iki tərəf və ümumilikdə dünya üçün qazanclı deyil. Çin prinsiplərini güzəştə getməyəcək", - deyə Liu Xı bildirib. Çin rəsmisi tərəflərin ticarət danışıqlarını davam etdirməyi qərara aldıqlarını, bununla yanaşı fikir ayrılıqlarının olduğunu gizlətməyib.