Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
 2019-cu il may ayının 11-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılmışdır.