Yerin təkindən bu hallarda istifadə etmək olar - Baş nazirin qərarı
"Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı" təsdiq edilib. "Legion" oxu.az-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir: 1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə; 2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda; 3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə; 4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə; 5. yer təkinin geoloji öyrənilməsi hallarında; 6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə; 7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.