Neft kəskin bahalaşsa, manata nə olar?
ABŞ-İran münasibətlərindəki gərginlik getdikcə artmaqdadır. Artıq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft daşıyan gəmilərin partlamasına səbəb kimi İranın diversiyasını göstərib. ABŞ mütəxəssislərinin ilkin qənaəti belədir. Bildirilir ki, BƏƏ hakimiyyətinin istəyi ilə hadisə baş verən Fuceyrəyə amerikalı müstəntiqlər cəlb ediliblər. Mütəxəssislər hadisənin partlayıcılar vasitəsilə törədildiyini vurğulayıblar (Report). Məlumata görə, gəmilərin 4-nə də eyni dərəcədə ziyan dəyib. BƏƏ hakimiyyəti hadisəni diverisiya adlandırıb. Dünən isə Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub. Türkiyə mətbuatının yazdığına görə, bu barədə Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih məlumat verib. Onun sözlərinə görə, hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb. Hücumu Yəməndə İranın dəstəklədiyi hüsi qiyamçılarının təşkil etdiyi ehtimal olunur. Göründüyü kimi, dünya neft bazarının əsas tədarükçülərinin yerləşdiyi regionda gərginlik yüksələn xətlə inkişaf edir. İrana qarşı sanksiyaları getdikcə daha da kəskinləşdirən ABŞ-ın regiona hərbi qüvvə toplaması hadisələrin hərbi toqquşmaya qədər gərginləşməsi ehtimalını daha da yüksəldir. Bu şəraitdə dünya neft bazarında qiymətlərin hərəkəti hamını narahat etməkdədir. Bir çox analitik mərkəzlər hərbi toqquşmaların başlanması şəraitində neftin qiymətinin 100 dollar həddinə qədər yüksələcəyini proqnozlaşdırırlar. Bu proqnozlar nə qədər realdır? Neftin qiymətinin 100 dollara qədər yüksəlməsi iqtisadiyyatı neft üzərində qurulan Azərbaycan üçün nə deməkdir? Hökumət yüksək qiymətlər şəraitində manatın möhkəmlənməsinin qarşısını ala bilərmi? Ä°qtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, neftin qiymətində kəskin bahalaşma ehtimalı yüksək deyil: “Bu məsələdə qiymət azalması daha realdır, nəinki bahalaşma. Ola bilər ki, dünyada baş verən siyasi proseslər, xüsusilə ABŞ-ın İrana qarşı sanksiyaları qısa müddət ərzində qiymətləri bir qədər yüksəltsin. Amma bu, qısamüddətli olacaq. Əgər qiymətlər artsa belə, Azərbaycanda manatın kəskin möhkəmlənməsi real deyil. Xatırladım ki, bundan öncə də neft baha olanda Mərkəzi Bank manatın möhkəmlənməsinə imkan verməyib. Məsələn, 2008-ci ildə qlobal maliyyə böhranı ərəfəsində neftin qiyməti az qalırdı 150 dollar olsun, amma manatın məzənnəsi sabit olaraq qaldı. Yaxud 2014-cü ildə böyük enişdən əvvəl neftin qiyməti 115 dollara qədər yüksəlmişdi, amma manat yenə sabit idi. Demək istədiyim odur ki, bu qədər yüksək qiymətlər fonunda Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyibsə, bundan sonra da verməyəcək”. Ekspertin fikrincə, əslində manatın möhkəmlənməsi heç də Azərbaycan iqtisadiyyatı üçün əlverişli deyil: “Nəzərə alsaq ki, hökumət qeyri-neft sektorunun inkişafı üçün addımlar atır, manatın möhkəmlənməsi bu prosesə neqativ təsir göstərə bilər. Yəni ucuz idxal artar, yerli istehsal məhsullarının qiyməti yüksələr, nəticədə qeyri-bərabər rəqabət mühiti formalaşar ki, bu da son nəticədə yerli istehsalın sıradan çıxmasına səbəb olar. Bu səbəbdən də hökumətin manatın möhkəmlənməsinə imkan verəcəyini gözləmirəm. Əksinə, düşünürəm ki, bu gün  manatın ucuzlaşmasına nail olmaq lazımdır, nəinki möhkəmlənməsinə”. Ä°qtisadçı-ekspert Pərviz Heydərov ile ilgili görsel sonucu İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, hazırda dünya neft bazarına iki yöndən təsir göstərən proseslər gedir: “Hər iki proses birbaşa ABŞ-dan qaynaqlanır. Bunlardan birincisi ABŞ-la Çin arasındakı ticarət müharibəsi, digəri isə ABŞ-ın İrana qarşı sanksiyaları və getdikcə gərginləşən münasibətləridir. Birinci məsələ dünya neft bazarında qiymətlərin düşməsini şərtləndirirsə, ikinci artım yönlü təsirə malikdir. Belə ki, ABŞ-ın Çinlə ticarət savaşı Çinin iqtisadi inkişafını zəiflədə bilər. Yəni reallıq budur ki, bu iki nəhəng iqtisadiyyat arasındakı gərginlikdən Çin daha çox zərər görür. Çində iqtisadi artımın zəifləməsi avtomatik olaraq dünya neft bazarında tələbatın azalmasına gətirib çıxarır. Çünki Çin dünyada neftin ikinci ən böyük istehlakçısıdır. İqtisadi artımın azalması bu istehlak həcminin azalmasına səbəb olacaq ki, bu da qiymətlərin enməsinə gətirib çıxaracaq. ABŞ-ın İranla münasibətlərindəki gərginlik ilk növbədə dünya bazarına daha az həcmdə neftin çıxarılmasına səbəb olub. Düzdür, sanksiyalar üzündən bazardan çıxan İran neftinin yerini doldurmağa Səudiyyə Ərəbistanının müəyyən imkanları var. Lakin bu məsələnin psixoloji tərəfləri də var. Bir oyunçunun bazardan çıxması qiymətlərə psixoloji təsir yaradır”. P.Heydərov yaxınmüddətli dövrdə dünya bazarında neftin qiymətinin yüksələcəyini gözləyir: “Ola bilər ki, qiymətlər hətta 80 dollarlıq həddi də keçsin. Amma 100 dollara qədər yüksəlmə gözlənilən deyil. Bu proseslərin Azərbaycana təsirlərinə gəlincə, neftin qiymətinin artması bizim iqtisadiyyatımız üçün müsbət amil hesab olunur: neftin bahalaşması əlavə gəlir deməkdir. Manatın möhkəmlənməsi isə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması deməkdir. Yəni neftin qiyməti nə qədər yüksələrsə, Mərkəzi Bankın valyuta ehtiyatları da bir o qədər artacaq. Amma manatın kəskin möhkəmlənməsi mümkün deyil, hökumətin əlində kifayət qədər rıçaqlar var ki, buna imkan verməsin”. DÜNYA,
“Yeni Müsavat”