Rusiyalıların 65 faizi pul yığa bilmir
Rusiyanın Federal Statistika Xidmətinin hesabatına görə, 2018-ci ildə əhalinin gəlirlərlərinin yalnız 3,7%-i əmanətə yönəlib. Bu, son 20 ildə ən aşağı göstəricidir. 1998-ci ildə əhali gəlirinin 2,5%-ni əmanət şəklində saxlaya bilmişdi. Novator.az xəbər verir ki, “Levada” sorğu mərkəzi əhalinin əmanət göstəricilərini araşdırıb. Sorğunun nəticələrinə görə, rusiyalı ailələrin 65%-nin heç bir əmanəti yoxdur. Tədqiqata əsasən, Rusiyada əmanət vəsaitlərinin orta məbləği 140-219 min rubl təşkil edir (1000 rubl 26,3 manata bərabərdir). Amma ailələrin 50%-nin əmanəti 56,5 min rublu aşmır. Ən aşağı gəlirli ailələrin (20 min rubla qədər gəliri olan) 20%-nin orta əmanət məbləği 55 min rubl civarındadır. Daha imkanlı ailələrə məxsus əmanətlərin orta həcmi 484 min rubl göstərilir.