Avstraliyada ümumi federal seçkilərdə səsvermə başlayıb
Avstraliyada şənbə günü federal parlamentə seçkilərdə səsvermə başlayıb. İlk seçki məntəqələri yerli vaxtla 08:00-da (Bakı vaxtı ilə 02:00-da) ölkənin şərq bölgələrində açılıb.  Avstraliya Seçki Komissiyasından (Australian Electoral Commission, AEC) verilən məlumata əsasən, ölkənin 25 mln sakininin 16,5 mln-dan çoxu bu seçkilərdə səs verə biləcək. Ümumi səsvermə nəticəsində Nümayəndələr palatasına 151 deputat və 76 senatordan 40-ı seçiləcək. Qalan 36 senator isə Avstraliyanın seçki qanunvericiliyinə görə noyabrın 2-ə kimi seçiləcək.  AEC-in məlumatına əsasən, Nümayəndələr palatasında 151 deputat kreslosuna 1056 siyasətçi namizədliyini irəli sürüb. Daha 458 nəfər isə Senatda 40 yer uğrunda mübarizə aparacaq. Ölkənin yeni parlamentində səs çoxluğu qazanmış partiya və ya koalisiya hakim olacaq və öz fraksiyasından olan deputatlardan ibarət yeni hökuməti formalaşdıracaq, onun lideri isə ölkənin baş naziri olacaq. Qələbə üçün Nümayəndələr palatasında ən azı 76 yeri qazanmaq lazımdır.  Seçki məntəqələri yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 12:00-da) bağlanacaq.