F-16 təyyarəsi qəzaya uğradı: anbarın üstünə düşdü
Kaliforniya ştatında “F-16” qırıcı təyyarəsi “March Reserve Air Force Base” hərbi hava bazasının yaxınlığında qəzaya uğrayıb. Yerli KİV-lərin məlumatına görə, qırıcı təyyarə uçma-enmə zolağının yaxınlığındakı anbarın üstünə düşüb. Qəza nəticəsində bina alovlanıb, lakin anbarın etibarlı yanğınsöndürmə sistemi yanğının geniş yayılmasına imkan verməyib. Pilot katapultla tullandığı üçün zərər çəkməyib. Yanğınsöndürmə xidmətinin nümayəndələri bildiriblər ki, anbarda işləyən 12 nəfər yüngül xəsarət alıb. Polis hadisə yerindən 1,5 kilometr radiusda olan insanları təxliyə edib. Qırıcı təyyarənin pilotu Kaliforniya Milli Qvardiyasında xidmət edir, təyyarə özü isə Su-Folsdakı “South Dakota Air National Guard” hərbi bazasına məxsusdur. Kaliforniya Milli Qvardiyasının nümayəndələri bildiriblər ki, Şimali Amerika hərbi-kosmik komandanlığının rəhbərliyi altında təlim-məşq uçuşu keçirən qırıcı F-16 təyyarəsinə nəzarətin itirilməsi hidravlika sistemində yaranmış nasazlıqla bağlıdır.