Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək mümkün olmayacaq - FOTO
Paytaxtda avtomobillərin parkinqi ilə bağlı kifayət qədər problem var. Bu yetməzmiş kimi sürücülər avtomobillərini elə ərazilərdə saxlayırlar ki, bu, özü də bir başqa ciddi problem yaradır.  Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin yerləşdiyi binadan gedir.  Oxu.Az-ın fotoqrafı sözügedən ərazidən bir neçə foto çəkib. Maşınların çoxluğundan ərazidə yerləşən binanın Tarix Muzeyi olduğuna inanmaq çətindir. Binanın dörd bir tərəfində avtomobillər dayanıb. Hətta üzərindəki “Muzeyin ehtiyat qapısı. Burada avtomobil saxlamaq qadağandır!” yazısı belə heç nə ifadə etmir.  Binada çox dəyərli eksponatlar qorunur. Ondan da önəmlisi, onlarla insan çalışır. Əgər binada hər hansı yanğın hadisəsi baş verərsə, binaya nə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, nə də Səhiyyə Nazirliyinin təcili tibbi yardım maşınları daxil ola biləcək.  Nəticə olaraq, binadakı eksponatlarla yanaşı, insan həyatı da ciddi təhlükə ilə qarşı-qarşıyadır.