“Səttar Mehbalıyev Qarabağ əlilinin başına torba keçirtdirib villasına apartdırmışdı...” - (Yenilənib)
Firudun Məmmədov: “Gecə saat 12-də olan bu hadisəni mənə Zaur Həsənov özü danışıb” Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun qaynı Rüstəm Hüseynov AHİK sədri, deputat Səttar Mehbalıyevin bu gün mətbuata verdiyi açqılamaya münasibət bildirib. R.Hüseynov  saytına açıqlamasında dedi ki, Zaur Həsənovun özünü yandırmasına görə birbaşa Səttar Mehbalıyev günahkardır: “İşlətdiyi çayxananın sökülməsi ilə bağlı məhkəmə qərarından sonra Zaur müxtəlif qurumlara müraciət etdi. Bundan sonra Səttar Mehbalıyev obyektin sökülməyəcəyini vəd etdi. Amma sonradan vədini yerinə yetirmədi. Zaurun evi bank tərəfindən satışa çıxarılıb. Ona neçə vaxtdır biz qohumlar kömək edirik. Ancaq evini geri qaytarmaq üçün banka pul ödənilməlidir”. R.Hüseynov qeyd etdi ki, Zaur Həsənov deputata sonuncu dəfə müraciət edərkən Səttar Mehbalıyev “özünü yandıran deməz, gedib bunu eləyər” deyib. Zaur da Səttar Mehbalıyevin qəbuluna gedərkən uşaqlarını da özü ilə aparıb. Deyirdi ki, bəlkə uşaqlara yazıqları gəldi. Amma Səttar Mehbalıyevin uşaqlara da rəhmi gəlmədi”. R.Hüseynov iddia etdi ki, Zaur Həsənovun əvvəllər işlətdiyi çayxananın yaxınlığında müxtəlif obyektlər yerləşir və hələ də fəaliyyət göstərir. Onların işləməsi üçün müxtəlif vasitələrlə icazə ala biliblər. Təkcə Zaur Həsənovun ailəsini dolandırdığı çayxana sökülüb. Zaur Həsənovun həyat yoldaşı isə qəhərdən boğulub danışa bilmədi. O,virtualaz.org saytına yalnız bunları dedi: “Vəziyyəti dünənə nisbətən bu gün pisləşib. O, artıq haqsızlıqdan bezdi”.   Daha sonra Zaur Həsənovun hüquqlarını müdafiə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədovla danışdıq. Hüquq müdafiəçisi virtualaz.org saytına sensasion açıqlama verdi: “Dünən gecədən təxminən 200-ə yaxın Qarabağ əlili Zaurun yatdığı 5 saylı klinikanın qarşısına toplaşmışıq. Biz ölkə rəhbərliyindən bu məsələ ilə bağlı açıqlama gözləyirik. Səttar Mehbalıyev ANS-ə açıqlamasında Zaur Həsənovu “şərçi, şantajçı” adlandırdı. Amma o, Qarabağ əlilinə zülm edib. Bunun fərqində olmalıdır. Bunu mənə Zaur özü danışıb. Zaur deyirdi ki, o, çayxanasının sökülməsinə etiraz edən zaman deputat Səttar Mehbalıyevin adamları gecə saat 12-də həmin çayxanaya gəliblər. Onlar Zaurun başına torba keçirdirək onu deputatın villasına apartdırıb. Gecə saat 12-də Zauru gözü bağlı öz ayağına apartdıran Səttar Mehbalıyev ona şikayətlərini geri götürməyi əmr edib, əks halda daha pis aqibətlə hədələyib. Əgər Zaur şərçidirsə, bunu elə həmin vaxt mətbuata açıqlayardı. Bizim - onun cəbhə yoldaşlarının hamısının deputatın bu torbakeçirmə əməliyyatından xəbərimiz vardı. Sadəcə məsələ həllini tapsın deyə bunu o zaman açıb-ağartmadıq. Dedik bəlkə deputat nə elədiyinin fərqində olar, problem bəlkə sakitcə, anlayışla həll olunar”. F.Məmmədov dedi ki, məsələ ilə bağlı Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, deputat Rəbiyyət Aslanova ilə də görüşüblər: “Mən də həmin görüşdə iştirak etdim. 60 Qarabağ əlilinin müraciətini Rəbiyyət Aslanovaya verdim. Rəbiyyət xanım da elə bizim yanımızda bu barədə spiker Oqtay Əsədova məlumat verdi. Amma sonrakı müraciətimizdə bizi Rəbiyyət Aslanovanın qəbuluna buraxmadılar. Onun yanındakılar dedilər ki, bizim Səttar Mehbalıyevə gücümüz çatmır. Bu məsələdən Səttar Mehbalıyevin qudası, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da xəbəri var. Əli Həsənova da müraciət ünvanlamışıq, amma nəticəsi olmayıb”. Qarabağ qazisi daha bir maraqlı fakt açıqladı. Dedi ki, deputat Səttar Mehbalıyevin şəhid olmuş qardaşı da onların, o cümlədən Z.Həsənovun döyüş yoldaşı olub. Virtualaz.org saytı Zaur Həsənovun hüquqlarını müdafiə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədovun iddiaları ilə bağlı AHİK sədri, deputat Səttar Mehbalıyevin mövqeyini öyrənməyə cəhd edib. Səttar Mehbalıyevin bizə məlum olan telefonuna cavab verən AHİK katibi Nadir Əliyev virtualaz.org saytına dedi ki, məsələ Firudun Məmmədovun iddia etdiyi kimi deyil və Zaur Həsənova qarşı heç bir təzyiq olmayıb: “Zaur Həsənovun başına torba keçirilməsi və ona təzyiq edilməsi barədə deyilənlər yalandır. Zaur Həsənovla bağlı suallara AHİK mətbuat xidməti daha dəqiq cavab verə bilər”. AHİK mətbuat xidmətindən isə suallarımıza cavab vermək istəmədilər. Bununla belə qurumun da mövqeyini öyrənib işıqlandırmağa çalışacağıq. *   *   * 11:57   \"Ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənov dəfələrlə özünü yandıracağı ilə bağlı təşkilata məktublar göndərib\". Bunu ötən gün Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Zaur Həsənovla bağlı Azad Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev \"Salam Azərbaycan\"a açıqlamasında deyib.  S.Mehbalıyev qeyd edib ki,onun özünü yandırma səbəbi məhkəmə qərarından narazı olması olub. Konfederasiya sədri bildirib ki, Z.Həsənovun 40 kvadratmetr torpaq sahəsi olub. \"Zaur Həsənov o əraziləri qeyri-qanuni zəbt edib və Ali Məhkəmə də buna uyğun olaraq qərar qəbul edib. Mənə dedi ki, məhkəmə qərarlarını ləğv et. Mən dedim ki, mənim səlahiyyətim yoxdur. Məhkəmə bunun sökülməsi barəsində qərar verib. Mən bunu edə bilmərəm. Ancaq sənə sanatoriyada iş verilməsi ilə bağlı tapşırıq verə bilərəm. O dedi ki, mən sanatoriyada işləmək istəmirəm.” S.Mehbalıyev qeyd edib ki, Zaur Həsənov şər atmaqla məqsədini həyata keçirmək istəyib: “Bizi təhdid edirdi ki, mən özümü yandıracam. Bu adama dırnaq vursan, bütün Azərbaycanı qatar bir-birinə. Şər atmaqla şantaj etməklə bu məsələni həyata keçirdi”. Virtualaz.org xəbər verir ki, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədovun ANS-ə verdiyi məlumata görə, 5 uşaq atası olan əlil, özünü öldürməyə cəhd göstərən Zaur Həsənov xəstəxananın yanıq şöbəsindədir və vəziyyəti çox ağırdır.  Baş həkimin sözlərinə görə, xəstənin yanında səhərə qədər xüsusi həkim briqadası qalıb. Reanimasiyada olan xəstənin təzyiqi sıfıra düşüb.Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarıblar. Səhər saatlarında xəstəxanada konsilium olub. Xəstənin vəziyyəti kritikdir. Legion.az