Müştərilərin hesabından pul çıxaran şəxsə hökm oxunub
"Zaminbank"ın həbs edilən keçmiş əməkdaşı hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən E.Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihamda göstərilir ki, təqsirləndirilən şəxs "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışıb. Məlumata görə, E.Kərimov etibardan sui-istifadə edərək, banka qarşı 480 min manatlıq dələduzluq edib. O, müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb. E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.