Bakıda 6 nəfərin ağır yaralanmasına səbəb olan sürücü bəraət aldı - Hökm
Bakıda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Ziyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Legion" teleqraf.com-a istinadən xəbər verir ki, paytaxtın Dübəndi magistral yolunda Ziyad Məmmədovun törətdiyi qəza nəticəsində bir neçə nəfər yaralanıb. İstintaq orqanı tərəfindən Ziyad Məmmədovun barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Xəzər rayon Məhkəməsinin hökmü ilə Ziyad Məmmədov məhkum edilib. Hökmdən narazı qalan Ziyad Məmmədov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ziyad Məmmədovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, Xəzər rayon Məhkəməsinin hökmü ləğv edilib, Ziyad Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.