Azərbaycan yığmasının baş məşqçisi: "İspaniyaya qarşı öz oyunumuzu göstərməliyik"
"Qızıl Avropa Liqasında ilk görüşümüz Belarusla oldu. Bu, mənim Azərbaycan milli komandasında debütüm idi".  ONA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara deyib.  İtaliyalı mütəxəssis yığmamızla ilk görüşünü şərh edib. O bildirib ki, komandamız Qızıl Avropa Liqasının startında Belarusa səfərdə 2:3 hesabı ilə uduzsa da, yaxşı oyun göstərib: "Qızlar yaxşı oynadılar. Düzdür, ilk hissədə çox səhvlər etdilər. Amma ümumilikdə voleybolçuların çıxışından razı qaldım. Belarusla oyunda edilən səhvləri növbəti oyunlarda təkrarlamamaq lazımdır".  C. Kaprara mayın 29-da Bakıda İspaniya ilə keçirəcəyimiz maçtdan da danışıb. Onun sözlərinə görə, bir sıra problemləri aradan qaldıracaqları halda, qələbə qazanmaq çətin olmayacaq: "Qrupda növbəti oyunumuz ispanlarla olacaq. Bu matçda təcrübəli voleybolçularda Anastasiya Qurbanova da "14-lük"də yer alacaq. Oyunun gedişində ona da şans veriləcək. Düzü, İspaniya millisinin oyunu haqqında çox məlumatım yoxdur. Ən önəmlisi öz oyunumuzu göstərməkdir. Top qəbulunda, həmçinin müdafiədən sonra yaxşı və səhvsiz mübarizə aparmalıyıq. O zaman qələbə qazanmaq daha rahat olacaq". Qeyd edək ki, Azərbaycan Qızıl Avropa Liqasında Belarus, Finlandiya və İspaniya voleybolçuları ilə birgə C qrupunda yer alıb.