Prokurorluq bacısını öldürmək istəyənlə bağlı protest verib
Bakıda bacısını qətlə yetirməyə cəhddə ittiham edilən Niyaməddin Məmmədov barəsində olan hökmdən prokurorluq Ali Məhkəməyə protest verib. ONA-nın məlumatına görə prokurorluğun protesti Ali Məhkəmədə Tahir Kazımovun icraatına verilib. Protestə yaxın günlərdə baxılacaq. İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı N. Məmmədov tərəfindən bıçaqlanıb. Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. N. Məmmədov ailəli münaqişəsi zəmində bıçaqlayıb. İstintaq orqanı tərəfindən N. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsiyə edilib və N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Prokurorluq N. Məmmədov barəsində hökmdən protest verib. Bakı Apellyasiya Məhkəməsində prokurorluğun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.