Banklar məlumatlarını niyə gizlədir? – Həm dünyadan, həm müştərilərdən…
30 aprel tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 769.1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 349.3 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 419.8 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) verilən məlumata görə, aprel ayına sektorun aktivlərinin 42.6 faizini kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3 faiz (30.3 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.4 faiz (110.9 milyon manat) artaraq 8,093.9 milyon manata çatıb. Öhdəliklərə gəldikdə, 2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8,625.2 milyon manat təşkil edib. Aprel ayında əmanətlər 4.5 faiz (371.7 milyon manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2 faiz (367.8 milyon manat) artaraq 3,155.5 milyon manat, müddətli əmanətlər isə 0.1 faiz (3.9 milyon manat) artaraq 5,469.7 milyon manat təşkil edib. Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2 faiz (278 milyon manat) artaraq 1,727.7 milyon manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 milyon manat təşkil edib. Sektorun balans kapitalı aprel ayı ərzində 2.5 faiz (106.1 milyon manat) artaraq 4,419.8 milyon manata çatıb. Palata bildirir ki, aprel ayında bankların əməliyyat mənfəəti 288.4 milyon manat, xalis mənfəəti isə 347.9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8 faiz, kreditlər üzrə faiz gəlirləri isə 18.2 faiz artıb. Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub. Bank sektorunun işçi heyətinin sayında artım aprel ayında da davam edib. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1.3 faiz (233 nəfər) artaraq 17,982 nəfər təşkil edib. “Əslində, banklar üzrə daha çox əmanət və kredit artımı gözlənilirdi” Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, MBNP-nın və bankların açıqladığı maliyyə göstəricilərinə tam etimad yoxdur: “Bankların şəffaflıq reytinqi üzrə apardığım araşdırmanın nəticəsinə əsasən, deyə bilərəm ki, banklar açıqlamalı olduğu məlumatların, təqribən 60 faizini açıqlamır. Nə zaman ki, onlar məlumatları tam açıqlayacaq, o zaman tam etimad etmək olar. Amma hər bir halda, açıqlanan məlumatlar onu göstərir ki, bank sektorunda cüzi əmanət və kredit artımı var. Ötən ay ərzində banklar əmanət kimi daha çox vəsait cəlb ediblər, bunun hesabına da ay ərzində milli valyutada kreditlər 1.4 faiz artıb. Əslində, daha çox əmanətin artımını gözləməli idik. Çünki mart ayında “Əmanətlərin tam sığortalanması haqqında” qanun daha 1 il müddətinə uzadıldı. Bu, ona görə uzadıldı ki, əmanətlər ciddi şəkildə artsın. Amma hazırkı artımı çox cüzidir. Bu, əhalinin hələ də Palataya və bank sektoruna etimadının olmadığının göstəricisidir. Kredit üzrə artımını da cüzi qiymətləndirirəm. Kredit artımı əmanətlərin artması hesabına baş verib. Həmçinin Mərkəzi Bankın uçot dərəcəsi endirilib yəni kreditlər nisbətən ucuzlaşdığı üçün kredit götürənlərin sayı da bir qədər artıb. Bu, zəif artımdır bunun əsasında ciddi nəticələrə gəlmək çətindir. Əgər artım prosesi ardıcıl olarsa, bank sisteminin vəziyyəti yavaş-yavaş düzəlməyə başlayacaq”. Beynəlxalq reytinq agentlikləri ilə MBNP-nın ölkə bankları barədə açıqladığı məlumatlarda fərqin yaranmasının səbəbi nədir? Ekspert qeyd edib ki, son 1 ildə, xüsusən bir sıra banklarımız beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa son qoyub: “Banklar Palataya məlumatı mütləq verməlidir, reytinq agentlikləri ilə də kiminlə müqavilə bağlayıbsa, ona məlumat verirlər. Palata bankların verdiyi məlumatı ictimaiyyətə açıqlamağa borclu deyil. Palata istəməz ki, banklar haqqında mənfi rəy formalaşsın. Amma reytinq agentlikləri məlumatı olduğu kimi, obyektiv verirlər. Həmçinin beynəlxalq reytinq agentliklərinin kadr potensialı çox güclüdür, işlərinin peşəkarlarıdırlar. Palatanın idarəetmə bacarığı, kadr potensialı, biliyi, bacarığı çox aşağı səviyyədədir. Palata, nəinki beynəlxalq reytinq agentlikləri ilə, hətta Mərkəzi Bankın vaxtilə bu sahədə mövcud olan kadrları ilə müqayisə oluna bilməz. Buna görə də ciddi investorlar, müştərilər Palatanın yox, beynəlxalq reytinq agentliklərinin məlumatlarına etimad göstərir. Beynəlxalq reytinq agentlikləri yavaş-yavaş Azərbaycandan gedir. Yəni banklarımız onlarla əməkdaşlıq etmir. Bu da dolayısıyla o deməkdir ki, banklar özləri haqqında həqiqi məlumatları müştərilərdən gizlədirlər və qeyri-şəffafdırlar. Bank onun reytinqinin müəyyən edilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə müqavilə bağlayır, bunun da müqabilində həmin agentliklərə ödəniş edir. Beynəlxalq reytinq agentlikləri də bankdan müəyyən sənədlər tələb edir və yoxlamalar aparır. O bankı ki, verilən reytinq qane etmir, həmin reytinq agenti ilə əməkdaşlığı dayandırır. Əvvəl beynəlxalq reytinq agentliyinə qoşulub sonradan əməkdaşlığı dayandırmaq bankın nüfuzuna təsirsiz ötüşmür. Bu, açıq-aşkar o deməkdir ki, həmin bank yaxşı günündə reytinq agentliyindən istifadə edib özünü reklam edirdi, vəziyyəti pisləşəndə isə pis reytinqin verilməsini istəmədiyi üçün münasibətə xitam verir. İşi bilənlər dərhal başa düşür ki, bankın vəziyyəti pisdir”.