“Hakimiyyət təhvil verilməlidir” – Üç ölkədən ultimatum
ABŞ, İngiltərə və Norveç Sudanda diktator Ömər əl Bəşiri devirərək hakimiyyəti ələ alan Hərbi Şuraya qarşı çıxıb. Teleqraf.com xəbər verir ki, üç ölkənin birlikdə yaydığı açıqlamada Hərbi Şurasının mülki insanları hədəfə alan təlimat verməklə Sudanda sülh və keçid mərhələsini təhlükəyə atdığı bəyan edilib. Açıqlamada iyunun 3-dən bu yana yaşanan və çoxlu sayda mülki insanın ölməsi və yaralanmasına səbəb olan güc tətbiqi sərt şəkildə qınanılır, Hərbi Şuranın belə bir təlimat verməsi ilə ölkədə keçid mərhələsinin təhlükəyə atıldığı vurğulanır. Mülki insanların liderliyində bir iqtidara hakimiyyətin təhvil verilməsi çağırışı edilən açıqlamada Norveç, İngiltərə və ABŞ-ın Afrika Birliyinin açıqlamalarına dəstək verdiyi xüsusilə qeyd edilir. Açıqlamada Hərbi Şuranın 9 ay müddətində seçkilərə getmə haqqında qərarının narahatedici olduğu bəyan edilir. Bəyanatda Sudan xalqının mülki hakimiyyətə gedən yolda sülh və siyasi mərhələyə layiq olduğu, bu mərhələnin ədalətli və bərabər seçim ortamına zəmin hazırlayacağı bildirilir. Xatırladaq ki, son bir neçə gündə Sudanda müxalifət küçələrə axışaraq hakimiyyətin mülki insanlara verilməsini tələb edib. Ölkədə hakimiyyətə əl qoyan hərbçilər isə xalqa atəş açıb, nəticədə 60-dan çox insan həyatını itirib.