Azərbaycan Dövlət Turizm Agentliyi: "Çimərliklərə giriş pulsuzdur"
Azərbaycan Dövlət Turizm Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə çimərliklərdə təmizlik şəraitinin yaxşılaşdırılmasına dair işlərə start verəcək. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, burada bir neçə qurumun iştirakı ilə müəyyən mexanizmlər hazırlanmalıdır. "Agentlik olaraq biz bu işi tək icra edə bilməyəcəyik. Bu işdə ilk növbədə yerli icra hakimiyyəti orqanlarının dəstəyi olmalıdır. Bu, olduqca vacib məsələdir", - deyə F. Nağıyev qeyd edib. Özəl çimərliklərdə pullu xidmət göstərildiyinə rəy bildirən Agentliyin rəhbəri deyib ki, çimərliklərə giriş pulsuzdur: "Dünya praktikasında da belədir. Əlbəttə, bəzi subyektlər qurumlar servis şəklində xidmət göstərə bilər".