“Övladlarımızı dilənçiliyə məcbur edən şəxslərin kimliyi ifşa olunmalıdır...”
 
İyunun 4-də itkin düşən Zəhra Bağırzadə dünən polis əməkdaşları tərəfindən metronun “Neftçilər” stansiyası yaxınlığında tapıldı. Məlumatda bildirilir ki, uşağı qaçıran Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb və fatktla bağlı araşdırma aparılır. Həmçinin azyaşlı qadınla birlikdə dilənərkən hətta şəhərdəki kameralara da düşüb. Azyaşlının müəmmalı şəkildə itkin düşməsi isə bir neçə gündür ki, ölkədə sensasiya yaratmışdı. 
Hadisəyə münasibət bildirən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Moderator.az-a açıqlamasında dedi ki, dilənçilik edən şəxslərin arxasında duran adamların kimliyini ifşa etmək lazımdır:
“Ümumiyyətlə, dilənçilərlə bağlı çox sərt tədbirlər görülməlidir. Bütün yol boyu gənc oğlan və qızlar əl uzadıb dilənçilik edirlər. Bunlar da şübhəsiz ki, kimlərinsə himayəsi altında bu işi həyata keçirirlər. Ola bilməz ki, bunu özbaşına etsinlər. Sabah o, qızları da aparıb başlarına oyun açanda sensasiya olur. Qarşımıza çıxıb dilənən azyaşlı uşaqlar kiminsə övladlarıdır və onları da kimlərsə bu yola məcbur edir. Hesab edirəm ki, uşaqları bu yola vadar edən, himayə edən şəxslərin kimliyi ifşa olunmalıdır ki, azyaşlı uşaqlarımız oğurlanmasın”.