Tokayev əsəbiləşdi: Mən “tranzit sərnişin” deyiləm
Mən “tranzit sərnişin” deyiləm, tam səlahiyyətli dövlət başçısıyam. “RİA Novosti” xəbər verir ki, bunu Qazaxıstanın yeni seçilmiş Prezidenti Qasım-Jomart Tokayev bəyan edib. O, növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib: “Mən “tranzit” sözünün əleyhinəyəm. Tranzit nədir? Məgər mən tranzit sərnişinəm? Mən özümü tam səlahiyyətli Qazaxıstan Prezidenti hesab edirəm. Qatarımı, təyyarəmi dəyişməyə, digər nəqliyyat vasitəsinə minməyə hazırlaşmıram. Gəlin, bu “tranzit” sözünə son qoyaq. Seçkilər baş tutdu, prezident seçildi”. Xatırladaq ki, bundan əvvəl bəzi ekspertlər Nursultan Nazarbayevin istefaya getməsini və rəhbərliyə Q.Tokayevin gəlişini hakimiyyətin dinc və uğurlu tranziti adlandırmışdılar. Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə əsasən, Q.Tokayev ölkənin yeni prezidenti seçilib.