Con Bolton: “ABŞ Rusiya və Çinin haker hücumlarına layiqli cavab verəcək”
ABŞ Rusiya və Çindən gələn haker hücumlarına qarşı cavab tədbirləri görəcək. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton jurnalistlər qarşısında bəyan edib. “The Wall Street Journal” qəzetinin Vaşqinqtonda təşkil etdiyi forumda danışan C. Bolton konkret hansı addımlar atılacğını açıqlamayıb. “Mən bunu fərziyyə olaraq bildirirəm. Biz bilirik ki, ABŞ-dakı seçkilərə qarışmaq niyyətində olan bir struktur var. ABŞ-ın hücum kampaniyası onların potensialının məhv olunmasına yönəlik olacaq. Özü də biz simmetrik zərbələr vurmağa hazırlaşmırıq. Bu o deməkdir ki, cavabımız təkcə kiberməkanla məhdudlaşmayacaq”,-deyə ABŞ rəsmisi bildirib. Bununla birlikdə Con Bolton əvvəlki prezident Barak Obama administrasiyasını “passiv və əfəl” davranmaqda suçlayıb. Onun sözlərinə görə, hazırkı rəhbərlik situasiyanı kökündən dəyişməyə müvəffəq olub. Xatırladaq ki, 2018-ci ilin fevral ayında ABŞ Rusiyanın 13 vətəndaşına və 3 şirkətə, “Konkord menecment və konsaltinq”, “Konkord keyterinq”, habelə mətbuatda Putini aşpazı olaraq bilinən Yevgeni Priqojinə məxsus “İnternet araşdırmaları agentliyi”nə qarşı ittiham irəli sürüb. Onların hamısı 8 maddə üzrə cinayətdə, ABŞ-a qarşı sui-qəsd təşkil etməkdə və internet fırıldağında günahlandırılırlar.