Zəifləyən dünya iqtisadiyyatı İsveçrə iqtisadiyyatını da ləngidir
İsveçrə federal hökumətin iqtisadçı mütəxəssisləri 2019-cu ildə ölkə üzrə ümumi daxili məhsulun 1,2 faiz artmasını proqnozlaşdırırlar. Dünya iqtisadiyyatındakı ləngimə İsveçrənin xarici ticarətini də zəiflədir. Bundan əlavə, qeyri-müəyyənlik yatırım fəaliyyətinə də mənfi təsir edir. 2020-ci ildə iqtisadi artımın 1,7 faizə çatacağı gözlənilir. İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin verdiyi məlumata görə, beynəlxalq iqtisadi dinamikanın azalması nəticəsində dünya ticarəti zəif inkişaf edir və bu da öz növbəsində, İsveçrə məhsullarına tələbatı da azaldır. Beləliklə, ixracat da azalır. Belə olduğu təqdirdə, şirkətlər istehsal həcminin artırılmasına sərmayə qoymur. Məqalədə qeyd edilir ki, inkişaf tempinin aşağı düşməsi fonunda əmək bazarında vəziyyət ümumilikdə qənaətbəxşdir. İllik ortalama işsizlik dərəcəsi 2,4 faizə bərabərdir. Məşğulluq daha az dinamik olsa da, davam edir. Əməkhaqları çox az inflyasiya təzyiqi altında (illik inflyasiya 0,6 faiz) bir az arta bilər. Bu, alıcılıq qabiliyyətinin yüksəlməsinə və zəif keçən 2018-ci ildən sonra fərdi istehlakın canlanmasına da müsbət təsir edər. Əgər beynəlxalq ticari ziddiyyətlər kəskinləşməsə, dünya iqtisadiyyatı və dünya ticarəti 2020-ci ildə yenidən güclənəcək. Federal hökumət mütəxəssislərinin gözləntilərinə görə, bu şərait İsveçrə ixracatı üçün də müsbət təsirə malik olacaq. İsveçrə iqtisadiyyat ciddi şəkildə ixracatyönümlü olduğuna görə dünya bazarlarındakı mənfi tendensiyalar bu ölkədən yan keçmir. İqtisadçı ekspertlərin fikrincə, dünya iqtisadiyyatı üçün aşağı istiqamətli risklər üstünlük təşkil edir. Çində Birləşmiş Ştatlarla ticarət mübahisəsinin ilk nəticələri özünü büruzə verir: xarici ticarətin inkişafında göstəricilər məyusedicidir. Sonuncu dəfə gömrük tariflərinin artması nəticəsində də artım keçən rüblərdəkinə nisbətən geri qalır. Avropada siyasi qeyri-müəyyənlik də əvvəlki kimi yüksəkdir. Xüsusilə, Brexit-in necə və nə zaman həyata keçiriləcəyi də aydın deyil.