Bu gün klublarımız rəqiblərini tanıyacaq
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Oxu.Az xəbər verir ki, qitənin ən ali turnirində Azərbaycanı ölkə çempionu “Qarabağ” təmsil edəcək. Ağdam təmsilçisinin mümkün rəqibləri “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya) və “Saburtalo” (Gürcüstan) klublarıdır. Avropa Liqasında isə ölkəmizi “Neftçi”, “Səbail” və “Qəbələ” komandaları təmsil edəcək. “Neftçi”nin potensial rəqibləri “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və ya “Zeta” (Monteneqro), “Səbail”in isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova) və ya “Narva Trans” (Estoniya) klublarıdır. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan Kubokunun qalibi “Qəbələ”nin rəqibi isə iyunun 19-da müəyyənləşəcək. Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyul, Avropa Liqasında isə iyulun 11-i və 18-də keçiriləcək.