Kondisionerlə necə davranmaq lazımdır?
Havaların isti keçməsi ilə əlaqədar artıq bir çox evlərdə, iş yerlərində, nəqliyyatda kondisionerdən istifadə etməyə başlamışıq. Artıq uzun illərdir ki, yay mövsümünü kondisionersiz təsəvvür etmək mümkün deyil. Bəzən bayırda temperatur 40 dərəcəni göstərəndə, içəridə kondisionerin temperaturunu 18 dərəcəyə salıb, yaşayış və iş rejimimizi daha rahat vəziyyətə gətirməyə çalışırıq. Bəs bu nə dərəcədə doğrudur? Gün ərzində kəskin temperatur fərqi insan orqanizminə necə təsir göstərir? Kondisionerlər həyatımızı daha rahat etdiyi kimi zərəri də toxuna bilirmi? Mütəxəssislər qeyd edir ki, uzun müddət kondisionerdən istifadə müxtəlif bakterial xəstəliklərə, baş ağrısına, dəri probleminə, müxtəlif əzələ ağrılarına səbəb ola bilir. Belə ki, məlum olduğu kimi olduğumuz mühitdə ani hava dəyişməsi ilk növbədə dəriyə təsir edir. Çünki istidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi dəriyə olan zərəri artırır. Nəticədə dəri tez quruyur, qabıq verir və yaxud qızarır. Bu, həm də müxtəlif bakterial xəstəlikləri yarada bilir. Otaqda kondisionerdən çox istifadə etdikdə insanda həm də baş ağrıları yaradır. Ekspertlər qeyd edir ki, bu zaman ağrıkəsicilərdən istifadə etmək tövsiyə olunmur. Çünki mədə və digər orqanlara zərərlidir.Kondisionerin insan sağlamlığı üçün zərərli olması haqda iddialardan biri də budur ki, kondisioner çöldə olan bakteriya və virusları içəri daşıyır. Havaya qarışan virus və bakteriyalar kondisioner vasitəsilə olduğumuz məkana dolur. Nəticədə insanlarda soyuqdəymə, qrip tipli xəstəliklər yarana bilir. Bundan başqa, iddialara görə, kondisionerlə yoluxan arzuolunmaz xəstəliklərdən biri “legionella pnevmaniyası”dır. Bu mikrob insanı ağciyər, bronxit, rinit kimi infeksiyalara yoluxdurur, qulaq və diş iltihablarına gətirib çıxarır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə törəyir və buradan da ətrafa yayılır. Xəstəlik insandan insana da yoluxur. Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid olan şikayətlər ön planda olur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı görünə bilər. Xəstələrin 20 faizində sinir sistemi və hətta koma halı da müşahidə edilə bilər. Həkimlərin dediyinə görə, adıçəkilən xəstəlik müalicə olunandır və doğru müalicə aldıqda xəstə 21 günə sağa bilir. Kondisionerlərin səbəb olduğu digər xəstəliklərdən biri də “humidifier fever”dir. Bu xəstəlik mikroblarla çirklənmiş cihazlardan istifadə etdikdən sonra yaranır. Bir neçə saat sonra bədəndə qızdırma başlayır. Fəsadların üzə çıxması 12 saat ərzində ola bilər. Xəstələrdə qızdırma, titrətmə, yorğunluq, halsızlıq kimi daha çox qripi xatırladan şikayətlər olur. Xəstələrin çoxu 24-28 saat içində tamamilə düzəlir. Ekspertlər qeyd edirlər ki, xüsusən də avtomobildə olan kondisionerlər insan orqanizminə mənfi təsir göstərir. Bu baxımdan tövsiyə olunur ki, avtomobildəki kondisionerin filtrinə vaxtlı-vaxtında nəzarət etmək lazımdır. Bütün bunları nəzərə alaraq həkimlər qeyd edir ki, azyaşlı, xüsusən də südəmər uşaqların olduğu otaqda kondisionerlərin istifadəsi tövsiyə edilmir. Çünki azyaşlı uşaqlar kondisionerin zərərlərindən daha tez təsirlənir. Ekspertlər tövsiyə edərək bildirirlər ki, xəstəxana, bank, sinif kimi uzun müddət oturulan məkanlarda tavana quraşdırılmış kondisionerlərin altında gözləmə kürsüləri və iş masaları qoyulmamalıdır. Kondisioner altında, yaxınında və qarşısında xüsusilə tərli halda qalmaq kondisioner vurmasına səbəb ola bilər. Kondisionerin hava vuran yeri insanın üstünə yönəlməməlidir. Həmin hissəni tavana tərəf yönəltmək lazımdır. Kondisioner alarkən onu otağın ölçüsünə uyğunlaşdırmaq lazımdır. Yəni otağın kvadratı azdırsa, orada iri həcmli kondisioner quraşdırmaq məsləhət görülmür. Yataq otaqlarında kondisionerdən istifadə edilməməlidir. Həm pəncərəni açıq qoyub, həm də kondisioneri işlətmək ikiqat fəsad yarada bilər. Kondisionerin temperaturunu birbaşa 18-19 dərəcəyə endirmək isə daha böyük fəsadlara yola açdığı bildirilir. Mütəxəssislər qeyd edir ki, kondisionerin temperaturu ən azı 24-26 dərəcə olmalıdır. Bayıra çıxanda qəfil vuran istilik insanlarda quru qripin yaranmasına səbəb olur. Belə ki, temperatur fərqi çox olanda bədənin immun sistemi dəyişir, bədən dəyişilmiş temperatura öyrəşə bilmir. Digər bir məsələ isə mətbəxlə bağlıdır. İddialara görə ümumiyyətlə mətbəxdə kondisionerin quraşdırılması doğru deyil. Çünki müxtəlif yeməklərin qoxusunun kondisionerin daxilinə dolaraq, sonradan hava vasitəsi ilə yayıldığı deyilir. Xalidə Gəray,