BMT-dən həyəcan: 120 milyon yoxsul...
2030-cu ilə qədər quraqlıq, daşqınlar və digər təbiət hadisələri ilə bağlı iqlim dəyişiklərinə görə yoxsul insanların sayı 120 milyona çatacaq. "Legion" Axar.az-a istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Şurasının xüsusi hesabatında deyilir. "İqlim dəyişikliyi son 50 ildə qlobal səhiyyə sahəsində və yoxsulluğun azaldılması istiqamətində əldə olunan nəticələri heçə endirə bilər. İnkişaf etmiş ölkələrdə orta təbəqə yoxsullaşa bilər. Dünya Bankının hesabatına əsasən, əgər dərhal müəyyən tədbirlər həyata keçirilməsə, 2030-cu ilə qədər dünyada yoxsul insanların sayı 120 milyona çatacaq. Təkcə Cənubi Asiyada 800 milyon insan qaynar iqlim nöqtələrində yaşayır və 2050-ci ilə qədər onların yaşayış şəraiti daha da pisləşəcək", - hesabatda deyilir. Müəlliflər qeyd edirlər ki, iqlim dəyişikliyi milyonlarla insan üçün qida mənbəsi olan kənd təsərrüfatında məhsullardarlığın azalmasına səbəb olur, okeanın temperaturunun artması isə dəniz ekosistemini dəyişir. Bundan əlavə, iqlim dəyişikliyi xəstəliklərin yayılmasına səbəb olur. Buna səbəb isə həşəratların miqrasiya yollarının dəyişməsidir. Hesabatda qeyd olunur ki, planetin ən yoxsul hissəsi - 3,5 milyard insan atmosferə atılan karbon qazının 10%-nə görə cavabdehdir. Dünyanın ən varlı insanlarının 10%-i isə atmosferə atılan parnik qazlarının yarısına görə məsuliyyət daşıyır. BMT ekspertləri ölkə və şirkətləri parnik qazlarının atmosferə atılmasının azadılması istiqamətində öhdəliklərini daha aktiv şəkildə yerinə yetirməyə çağırır.