Honkonq parlamenti tarixdə ilk dəfə evakuasiya edilir

Bu gün etirazçıların hücumla ələ keçirməyə çalışdığı Honkonqun Qanunvericilik Şurasında bu orqanın tarixində ilk dəfə "qırmızı həyəcan siqnalı" elan edilib. Bu isə tam evakuasiya deməkdir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, insanlar hökumətin şübhəlilərin Çinin materik ərazisinə ekstradisiyası haqqında qanun qəbul etməklə bağlı planlarına qarşı etiraz edirlər. Nümayişçilər bir neçə cəhddən sonra parlamentin girişindəki şüşəni qırmağa müvəffəq olub, amma polis yaranmış deşiyi maneələrlə bağlayıb. Bundan sonra nümayişçilər binanın metal hissələrini qoparmağa başlayıblar. Onlardan biri jurnalistlərə deyib ki, dinc etirazlar bir nəticə verməyib, ona görə də taktikanı dəyişiblər. Son məlumatlara görə, Qanunvericilik Şurasının mühafizəsi üçün hökumət binasından 60 polis göndərilib. Hazırda binanı, təxminən, 200 polis qoruyur, onlar hücum edənlərə qarşı gözyaşardıcı qazdan istifadə edir. Qeyd edək ki, Honkonqda kütləvi etirazlar iyunun əvvəlindən etibarən keçirilir. Hökumət daha əvvəl ekstradisiya ilə bağlı qanun layihəsinin nəzərdən keçirilməsi prosesinin dayandırılacağını bildirmişdi.