Sözdə deyil, əməldə: Rusiya, Çin və Aİ dollardan imtina edir
Düz bir il əvvəl Dünya Bankının iqtisadçıları dünyada dedollarlaşma prosesinin başladığını və onu artıq dayandırmağın mümkün olmadığını bəyan ediblər
Rusiya və Çin öz aralarında ödənişlərdə milli valyutalardan istifadə etmək üçün hökumətlərarası saziş bağlayıblar. Avropa isə İranla ticarət apara bilmək üçün Vaşinqtonun sanksiyalarından yan keçməyə və dollarsız alver etməyə imkan verən "INSTEX" mexanizmini işə salır. Sputnik Azərbaycan xəbər verir ki, dünya ölkələrinin ABŞ dollarından gedərək daha da çox imtina etməsindən RİA Novosti-nin müəllifi Natalya Dembinskaya yazır.   Dolları öldürmək Düz bir il əvvəl Dünya Bankının iqtisadçıları dünyada dedollarlaşma prosesinin başladığını və onu artıq dayandırmağın mümkün olmadığını bəyan ediblər. Analitiklər qeyd ediblər ki, Rusiya dolları hesablaşmalardan çıxara bilər və bunu ilk növbədə ən böyük ticarət tərəfdaşı olan Çin ilə birlikdə edəcək. Hələ 2014-cü ilin dekabrında Moskva və Pekin hesablaşmalarda milli valyutaya keçmək qərarına gəliblər. Həmin dövrdən bəri ABŞ, Böyük Britaniya və Aİ banklarının iştirakı olmadan, rubldan istifadə etməklə birbaşa ticarətin aparılmasına dair Rusiya-Çin razılaşmaları qüvvəyə minib. İyunun əvvəlində isə Rusiya baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov və Çin Milli Bankının sədri İ Qan yeni bir ödəniş sisteminin yaradılması haqqında müqavilə imzalayıblar. Milli valyutalarda ödəniş sisteminin bu ilin sonuna kimi işə düşəcəyi və ilk növbədə Rusiyanın nəhəng neft və qaz şirkətlərini, eləcə də kənd təsərrüfatı istehsalçılarını əhatə edəcəyi gözlənilir.   Dollara digər təhdid – "INSTEX" Avropa da ABŞ-dan asılılığı azaldır. Vaşinqtonun sanksiya təhdidlərinə baxmayaraq, Aİ ölkələri İrandan neft almağa davam edir. Lakin Aİ neftə görə dollarla yox, avro ilə ödənişlər edir. Bundan başqa, avropalılar ABŞ sanksiyalarından yan keçmək üçün "INSTEX" adlanan maliyyə əməliyyatları mexanizmindən istifadə etmək niyyətindədirlər. Böyük Britaniya, Fransa və Almaniya keçən həftə bu sistemin işə düşdüyünü elan edib. "INSTEX" (Ticarət Mübadilələrinə Dəstək Aləti) İran və Aİ şirkətləri arasında pul köçürməsi olmadan malların mübadiləsinə imkan verən vasitəçi sistemdir. Bu sistemlə Tehran faktiki olaraq nefti və digər malları Avropaya göndərə biləcək. Lakin "INSTEX" bu mallara görə pulu İran banklarına deyil, İslam Respublikasına malları ixrac edən Avropa şirkətlərinə ötürəcək.   İyunun 28-dən etibarən bu mexanizmdən bütün Aİ ölkələri istifadə edə bilər. Bir qədər sonra isə ondan digər ölkələrin şirkətləri də yararlana biləcəklər. Qeyd edək ki, Vaşinqton avropalıları bu layihədən imtina etməyə çağırır və bu da təəccüblü deyil. ABŞ artıq "INSTEX"də iştirak edəcək bütün ölkələri sanksiyalarla təhdid edib. "Bloomberg" ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelkerin məktubuna istinadən xəbər verib ki, "INSTEX"də iştirak edəcək rəsmi şəxslər ABŞ maliyyə sistemindən çıxarılacaq.