Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi
Tanınmış teleaparıcı, vaxtilə "Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyyə Məhərrəmova AzTV-də Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik edəcək. "Legion"  xəbər verir ki, bu barədə Bakıpost.az-a o özü məlumat verib. Onun sözlərinə görə, yeni vəzifəsində əsas işi AzTV-nin beynəlxalq yayım institutlarında uğurla təmsilçiliyinə nail olmaqdır. AzTV-də yalnız departament rəhbəri kimi yox, eyni zamanda aparıcı kimi də fəaliyyət göstərəcəyini açıqlayan H.Məhərrəmova ona iki verilişin həvalə olunduğunu vurğulayıb. Qeyd edək ki, AzTV-də rəhbər dəyişikliyi baş verəndən sonra ciddi kadr islahatları başlayıb, bir neçə tanınmış teleaparıcıya yeni vəzifələr həvalə olunub. Peşəkarlarla yanaşı, yeni, gənc kadrlar kanala dəvət edilir, layihələr yenilənir. Verilişlərdə vətənpərvərlik mövzularının, ictimai əhəmiyyətli məsələlərin geniş şəkildə işıqlandırılmağa başlayıb.