Niyə aqressivik? – Psixoloq rəyi
Son illərdə cəmiyyətdə aqressiyanın artdığını müşahidə edirik. Günün böyük hissəsini keçirdiyimiz ictimai yerlərdə demək olar ki, hər gün bir-birinə qışqıran, hər an dalaşmağa hazır insanlarla üzləşirik. Xüsusilə də ictimai nəqliyyatda bu aqressivliyi daha güclü hiss edirik. Təsadüfi deyil ki, baş verən qəzaların da sayı gündən-günə artır. Bəs bütün bunlara hansı psixoloji amillər səbəb olur? Psixoloq Elnur Rüstəmov “Yeni Sabah"a açıqlamasında bunun əsas səbəbinin müasir dövrdə baş verən yeniliklər olduğunu deyib:  “Aqressivliyin, bunun nəticəsində də qəzaların, bədbəxt hadisələrin artmasının bir çox səbəbi var. Bunlardan biri və ən mühümü bizim informasiya, sürət əsrində yaşamağımızdırır. Hər şey sürətlə baş verir. Günlər, həftələr, aylar çox sürətlə keçir. Hadisələrin necə həyata keçdiyinin fərqinə vara bilmirsən. Bu da insanların aqressiyaya, gərginliyə qapılması ilə nəticələnir. İnsanların real həyatı ilə arzuladığı həyat bəzən üst-üstə düşmür, bu da narahatlığa səbəb olur”. Psixoloqun sözlərinə görə, insanlar istirahət etməli, özlərinə, yaxınlarına vaxt ayırmalıdırlar: “Aqressiyanı azaltmaq üçün insanlar nə isə etməlidir. Təbiət qoynunda vaxt keçirmək lazımdır. Mütləq deyil ki, şəhərdən kənara çıxılsın. Adicə parkda da ailənlə, doğmalarınla zaman keçirə bilərsən. Bununla da mənfi duyğular azalacaq”.