Ekspert: Bakıda meyvə-tərəvəz rayonlardan iki dəfə baha satılır
Bakıda bir sıra kənd təsərrüfatı məhsulları rayonlarla müqayisədə iki dəfəyə yaxın baha satılır. Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. O bildirib ki, mövsüm olmasına rəğmən, bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti hələ də yüksəkdir: “İstehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu. Əvvəlla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq, Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən iki dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər”. Ekspertin fikrincə, qiymətlərin optimallaşdırılması üçün məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla, regional paylaşdırılmasına nail olmaq lazımdır: “Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu da qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır. İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu, fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər”. Onun sözlərinə görə, “Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur: “Üçüncüsü, fermerlərin paytaxt bazarlarına daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümi təşviqi həyata keçirilməlidir”.