Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb- FOTO
Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb. "Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb. Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir. *** Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar. Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir.