1 milyon xərclənən “Şah İsmayıl Xətai” filmi niyə yarımçıq qaldı?
Əbdül Mahmudov: “İnanırıq ki, rəsmi qurumların dəstəyi ilə yenidən bu filmin çəkilişlərinə başlaya biləcəyik” Bu günlərdə böyük dövlət xadimi, Səfəvilər dövlətinin qurucusu və ilk hökmdarı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin doğum günü qeyd olundu. Xatırladaq ki, Şah İsmayıl Heydər oğlu Səfəvi 1487-ci il iyul ayının 17-də (digər versiya ilə iyulun 23-də) Ərdəbil şəhərində anadan olub. Hər il iyul ayında Xətaidən söz düşəndə onunla bağlı çəkiləcək film də yenidən müzakirə obyektinə çevrilir. Qeyd edək ki, təxminən 2000-ci ilin əvvəllərində dövlət sifarişi ilə Səfəvi hökmdarı barədə film çəkilişlərinə start verildiyi bildirilirdi. Filmin böyük ekran əsəri olacağı gözlənilsə də, sonradan bilinməyən səbəblərdən çəkilişlər yarımçıq saxlanıldı. Bəs bu filmin sonrakı taleyi necə olacaq? Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı adıçəkilən filmin rejissoru Əbdül Mahmudovla əlaqə saxlayıb. Rejissor bildirib ki, çəkilişləri bərpa etmək üçün rəsmi qurumlara müraciət edib: “Artıq 40 ildir ki, bu filmin çəkilməsi üçün çalışıram. Uzun-uzadı mübarizəmdən sonra 2000-ci ildə çəkilişlərə başladıq. Belə ki, həmin dövrdə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə filmin ssenarisi qəbul edildi və filmin çəkilməsinə xeyir-dua verildi. Hətta filmin çəkilişləri üçün 1 milyon pul ayrıldı. Mən filmin çəkilişləri üçün məkanlar seçməyə başladım, aktyor seçimi aparıldı və birdən filmin çəkilişləri dayandı. Bütün hər şey ”Azərbaycanfilm” kinostudiyasının arxivində saxlanılır”. Rejissor deyir ki, film 2 hissəli kinoepopeya formasında çəkilməli idi: “Birinci iki seriyanın ssenarisi hazırdır. Bununla bağlı 1 milyon manat pul xərclənmişdi, sonra bəlli olmayan səbəblərdən işlər dayandırıldı və bunun səbəbi barədə hələ də mənə bir söz deyilməyib. Bu, böyük ekran əsəri olmalıdır. Şah İsmayıl Xətai zamanında bizə 2 milyon 800 min kvadrat kilometrə çatan ərazi qoyub gedib. Baxın, bu gün isə ərazimiz cəmi 86, 600 min kvadrat km-dir. Qeyd edim ki, filmin ssenarisi hazırda Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın stolunun üstündədir. İnanırıq ki, rəsmi qurumların dəstəyi ilə yenidən bu filmin çəkilişlərinə başlaya biləcəyik”. Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri Cəmil Quliyevlə əlaqə saxladıq. C.Quliyev hazırda bölgələrin birində istirahətdə olduğunu və buna görə sualımıza cavab verə bilməyəcəyini dedi.