Avropa ölkəsində siqaretdən tam imtina edirlər

Böyük Britaniya hökuməti 2020-ci ildə əhalinin sağlamlığının yaxşılaşdırılması konsepsiyasını hazırlayır. Konsepsiya 2030-cı ilə qədər tütündən tam imtinanı nəzərdə tutur.

Bizimyol.info xəbər verir ki, konsepsiya hökumət dəyişikliyindən bir neçə saat əvvəl yayılıb. Böyük Britaniyada siqaretlə birdəfəlik vidalaşmaq istəyirlər. Böyük Britaniya dünyanın tütünlə mübarizədə öncül ölkələrindən biridir. 1985-ci ildə televiziyada siqaret reklamını qadağan ediblər. 2003-cü ildən bunu adicə reklam lövhələrində də görmək mümkün deyil. 2005-ci ildən isə tütün istehsalı ilə məşğul olan şirkətlərə ictimai tədbirlərin, idman yarışlarının sponsorluğu yasaq edilib. 2007-ci ildə Böyük Britaniya ictimai yerlərdə – restoran və kafelərdə siqaret çəkməyi qadağan edən ilk ölkə oldu. Bütün hava limanlarında siqaret çəkənlər üçün ayrılan otaqları ləğv etdilər. Elə həmin il siqaret almaq üçün nəzərdə tutulan minimum yaşı 16-dan 18-ə qaldırdılar. Üç ildir siqaretlər eyni qutularda satılır. Üzərindəki yazıların böyük hissəsi isə tütünün orqanizmə ziyanı ilə bağlı xəbərdarlıqdır. Hər il ölkədə siqaretin qiyməti 30-80 faiz artır. İndi orta qiymət 10 funt sterlinqdir (təxminən 13 dollar). Gələn il qiymətin iki dəfə yüksək olacağı proqnozlaşdırılır. Hökumətin hesabatı göstərir ki, son 30 ildə siqaret çəkənlərin sayı iki dəfə azalıb. 2011-ci ildə ölkə əhalisinin 19 faizi siqaret çəkirdi. Keçən il bu faiz 14,4-ə düşmüşdü. Müqayisə üçün yazaq ki, Rusiyada əhalinin 39 faizi siqaretdən istifadə edir. Buna baxmayaraq, konsepsiyada görülən tədbirlərin azlığı qeyd olunur. Siqaret çəkənlər əksər hallarda xərçəngdən, insultdan, ürək xəstəliklərindən vəfat edir.