İşgəncəyə məruz qalan məhbus ölkə başçısından kömək istəyir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə   Penitensiar xidmətin 9 saylı cəzaçəkmə   müəssəsinin məhkumu Rüstəmov Xəyal   Elyar oğlu tərəfindən     ƏRİZƏ
Cənab Prezident! Yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, 2003-2017-ci ilə qədər DİO-da xidmət etmişəm. Xidmətdə olarkən 2017-ci ilin dekabr ayında DİN-in Baş istintaq və təhqiqat idarəsinin baş müstəntiqi Elşən Abdullayev tərəfindən saxlanaraq həbs olunmuşam. Səbəb isə 2016-2017-ci illər ərzində Beyləqan, Biləsuvar və Bakı şəhərində Kapital Bank-ın filiallarında törədilən silsilə cinayətlərdə şərlənməyim olub. Həmin cinayətlərə mənim heç bir aidiyyətim olmasa da, hansısa maraqlara görə kimlərinsə sifarişi ilə müstəntiq Elşən Abdullayevin göstərişi ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reket şöbəsinin rəisi Müzəffər və həmin şöbənin digər əməkdaşları tərəfindən mənə qarşı insanlığa sığmayan hərəkətlər, işgəncələr verilərək, öz iradəmdən asılı olmayaraq, ifadəm alınıb və məni sifariş edənlərin məkrli planı həyata keçirilib. Reket şöbəsinin rəisi Müzəffər adlı şəxs əlindəki elektrik cərəyanı ilə bədən nahiyəmə elektrik vermiş və beləliklə törətmədiyim cinayəti şöbədə boynuma qoymağa nail olmuşdurlar. DİN-in BMCMİ-nin reket şöbəsində 10 gün işgəncələrə məruz qalandan sonra  Bakı İstintaq Təcridxanasına (BİT) köçürülmüşəm. Təcridxanada həkim tərəfindən müayinə olunan vaxt bədənimdəki xəsarətlər aşkar olunmuşdur. Dərhal təcridxananın rəhbərliyi Baş Prokurorluğa müraciət edərək, mənim işgəncələrə məruz qalmağımla bağlı məlumat vermişdi. Baş Prokurorluğun Daxili İşlər orqanlarına nəzarət idarəsinin İlkin adlı prokuroru təcridxanaya gələrək ifadəmi almışdır. Mənimlə söhbət zamanı İlkin prokuror mövqeyindən sui-istifadə mənə təsir göstərib bildirmişdir ki, əgər mən ifadəmdə Müzəffər və onun əməkdaşları tərəfindən işgəncələrə məruz qalmağımı qeyd etsəm, müstəntiq E. Abdullayev mənim işimi ağırlaşdıraraq, məhkəmə tərəfindən mənə ən ağır cəza veriləcək. Mən də Prokurorun sözlərinə inanaraq, öz ifadəmdə polis işçiləri başda Müzəffər olmaqla işgəncələrə məruz qalmadığımı bildirdim. Prokurordan sonra mənə bu cür yalan vədləri verən müstəntiq E.Abdullayev oldu. 2018-ci ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quluyev tərəfindən mənə hökm çıxarılaraq, 9 il azadlıqdan məhkum olmuşam.   Hörmətli cənab Prezident! Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, mənə qarşı cinayət törədənlərin cinayət məsuliyyətinə cəlb olunmaqlarını və hüquqlarımın bərqərar olunmasını Sizdən xahiş edirəm.  
Rüstəmov Xəyal Elyar oğlu
"Legion"