“Qarabağ” Çempionlar Liqasının qapısını döyür

Kənan Məstəliyev: “Niyə də Çempionlar Liqasının qrupuna ümid və iddia etməyək?”

Ağdamın “Qarabağ” klubu iyulun 31-də növbəti uğura imza atdı. İrlandiyanın “Dandolk” komandası ilə 1-1-in revanşında “Dalğa Arena”da keçirilən oyunda 3-0 hesabı ilə qalib gələn klub Çempionlar Liqasının III mərhələsinə yüksəldi. Bu mərhələdəki rəqib isə Kiprin APOEL klubudur. Təmsilçimiz bu mərhələni də keçərsə, Çempionlar Liqasının qrupuna bir addım qalacaq . Pley-off-u keçəcəyi təqdirdə, tarixində ikinci dəfə ÇL-nin qruplarında mübarizə aparacaq. Klubumuzun builki uğurları, bunun davamlı olub-olmayacağı yönündə ən müxtəlif fikirlər səslənir. Ümidlər kifayət qədər böyükdür. Bu da səbəbsiz deyil. Çünki “Qarabağ” oyundan oyuna gücünü, peşəkarlığını, mübarizə əzmini artırır. Eyni zamanda qələbədən qələbəyə inam da yüksəlir. Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev oyunu bu cür şərh etdi: ““Qarabağ” inamla öz yoluna davam edir. “Partizani”dən sonra “Dandolk” səddi də keçildi ki, bu da komandanın avrokuboklarda ardıcıl 6-cı dəfə qruplarda oynamaq şansını xeyli artırdı. Növbəti rəqib Kipr APOEL-idir. Çox ciddi, yetərincə təhlükəli komandadır və onlarla hər iki oyun çox çətin və gərgin məcrada keçəcək. Cütlükdə kimin favorit olduğunu söyləmək çətin olsa da, “Qarabağ” rəqibindən zəif deyil və mən deyərdim ki, turu adlamağa daha yaxın tərəfdir. İndiyə qədər “Neftçi” və “Qəbələ” avrokuboklarda Kipr təmsilçiləri ilə qarşılaşıb və mərhələni keçməyi bacarıb. Niyə də “Qarabağ” eyni uğura imza atıb, minimum Avroliqanın qrupunu təmin etməsin. Sonrası isə necə deyərlər, Allah kərimdir. Pley-offda da münasib rəqib düşsə, niyə də Çempionlar Liqasının qrupuna ümid və iddia etməyək? Konkret, “Dandolk”la matça gəlincə, “Qarabağ”ın işi həmişəki kimi ciddiyə alması aşkar göründü. İlk saniyələrdən hücumameylli, bəzən hətta aqressiv oyunu öz effektini verdi. “Partizani”dən fərqli olaraq irlandlar daha təşkilatlanmış, daha diri, daha rəngarəng oynayan və bu səbəbdən də daha təhlükəli komanda idilər. Onları üstələməyin yeganə yolu, belə demək olarsa, nəfəs almağa imkan verməmək, daima təzyiq altında saxlamaq idi. Çünki ilk oyunun sonlarında azacıq azadlıq əldə edən kimi hesabı öz xeyirlərinə dəyişməyə başlamışdılar. Cavab görüşündə isə hər şey yaxşı alındı. Meydana çıxan futbolçular məşqçinin tapşırıqlarını tam yerinə yetirə bildilər. Romero öz ad günündə dubl etdi, Aylton qol vurdu, Zubir pis oynamadı, komanda bəzi fasilələri çıxmaq şərtilə, oyunboyu dominant tərəf oldu. Hava və meydança amilini də unutmayaq. İrlandlar süni meydança və il ərzində ən yuxarısı 30 dərəcə istidə oynamağa öyrəşiblər. Dünənki temperatur isə onlara əməllicə zərbə vurdu. Çox isti hava, rütubət, həmçinin də rəqibin basqısı “Dandolk”a planlarının heç 20 faizini ortaya qoymağa imkan vermədi. “Qarabağ” isə belə şeylərə öyrəncəlidir, əsl avrokubok döyüşçüsüdür". Kənan Məstəliyev ile ilgili görsel sonucu Müsahibimiz baş məşqçi amilinə də toxundu: “Təbii ki, Qurban Qurbanov amilini də unutmaq olmaz. Heyətdə bu qədər zədəli və formaya düşməyən futbolçu olmasına baxmayaraq, komandanı optimal duruma gətirib döyüşə hazırlamaq asan iş deyil. Oyundakı hər üç əvəzetmənin zədə səbəbindən məcburən edildiyini qeyd etmək yəqin ki, yetərlidir. Asan deyildi, ancaq təcrübəli mütəxəssis bu problemin də öhdəsindən gələ bildi. Deyilənləri toparlasaq, Çempionlar Liqasındakı təmsilçimizin layiqli qələbə qazandığını qeyd etmək olar. ”Qarabağ" güclü komandadır və ümid yerimizdir. İnanıram ki, belə qələbələrə hələ çox şahidlik edəcəyik". Cavanşir ABBASLI
“Yeni Müsavat”